Bakı. Trend:
Niderlandın Azərbaycandakı Səfirliyi Şəkidə xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə görə, Azərbaycana təşəkkür edib.
Bu barədə Niderlandın Azərbaycandakı Səfirliyinin "X" hesabından edilən paylaşımda bildirilib.
“Avqustun 29-da Şəkidə dağlıq ərazidə yürüş zamanı xəsarət alan Niderland vətəndaşının xilas edilməsinə və təcili tibbi yardım göstərilməsinə görə, Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.
Xüsusilə, çətin dağlıq ərazidə və qaranlıq şəraitdə həyata keçirilən təcili xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində ilkin tibbi yardım göstərilməsinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təşəkkür edirik”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, avqustun 29-da Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Xilasetmə əməliyyatı dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində və çətin dağlıq relyefdə həyata keçirilib.