Bakı. Trend:
Azərbaycanda avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsində yeni “brutto müqavilə” modelinin tətbiqinə başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə başlanılıb.
Yeni modelə əsasən, daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə uyğun ödəniş ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək, daşıyıcı isə həmin tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alacaq.
AYNA qeyd edib ki, bununla sərnişin sayının az olduğu vaxtlarda, o cümlədən axşam saatlarında avtobusların fəaliyyətinin davam etdirilməsi və müəyyən olunmuş hərəkət qrafikinə riayət edilməsi təmin olunacaq.
Yeni sistemin sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidmətinin formalaşdırılmasına imkan verəcəyi bildirilir. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısının alınması və şəhərətrafı azrentabelli marşrutlarda xidmət səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.
İlkin mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutların da mərhələli şəkildə sistemə qoşulması planlaşdırılır.
Yeni model daşıyıcıların fəaliyyətinə nəzarətin gücləndirilməsini də nəzərdə tutur. Müəyyən edilmiş keyfiyyət tələbləri pozulduqda müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Xüsusi proqram təminatı vasitəsilə göstərilən xidmətlərin keyfiyyəti ölçüləcək və xidmətin təşkilinə nəzarət həyata keçiriləcək.
AYNA-nın məlumatına görə, “brutto müqavilə” modeli daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını da artıracaq. Bunun avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə investisiyaların artırılmasına şərait yaradacağı gözlənilir.