Bakı. Trend:
Azərbaycan əlverişli coğrafi mövqeyi və iqtisadi sabitliyi ilə regionun cəlbedici investisiya mərkəzlərindən birinə çevrilib. Azərbaycanın Avropa və Asiya arasında yerləşən strateji mövqeyi beynəlxalq şirkətlər üçün ölkəni yalnız daxili bazar kimi deyil, həm də regional bazarlara çıxış platforması kimi cəlbedici edir. Şirkətlər Azərbaycanda istehsal imkanları yaratmaqla Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bazarlara daha səmərəli çıxış əldə edə bilərlər.
Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdən biri iqtisadi sabitlikdir. Ölkənin sabit iqtisadi mühiti investor etimadını gücləndirir. Azərbaycan investorlara güclü fiskal göstəricilər və iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulunu üstələyir. Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il avqustun 1-nə nisbətən 12,2 % çoxdur. Bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir.
Bu sabit makroiqtisadi mühitlə yanaşı, Azərbaycanda investorlar üçün yaradılan praktiki imkanlar da investisiya fəallığının artmasına şərait yaradır. Bu istiqamətdə Azərbaycanın investisiya mühitinin daha da gücləndirilməsi baxımından son dövrdə qəbul edilmiş qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı fərman, sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiyanın yaradılması haqqında normativ-hüquqi sənədlər xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər bir-birini tamamlayaraq investor və sahibkar üçün daha əlverişli biznes mühitinin formalaşdırılmasına, ixrac zamanı yaranan xərclərin azaldılmasına, maliyyə resurslarına çıxışın daha da asanlaşdırılmasına və strateji layihələrin daha çevik həyata keçirilməsinə xidmət edir. Bu isə Azərbaycanın həm yerli, həm də xarici investorlar üçün daha rəqabətqabiliyyətli və proqnozlaşdırılan investisiya məkanı kimi mövqeyini gücləndirir.
Yaradılmış bu imkanlar sırasında sənaye zonaları xüsusilə qeyd edilməlidir. Sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif olunur. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı rezidentlərə hazır infrastruktura sürətli qoşulma” (“Plug & Play”) yanaşması əsasında təklif olunur. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır.
Azərbaycan qlobal investisiyalar üçün yeni imkanlar açıb
Bu istiqamətdə ölkənin investisiya imkanlarının beynəlxalq investorlar üçün təqdim edilməsi baxımından ötən il keçirilmiş Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm əhəmiyyət daşıyıb. 2025-ci il sentyabrın 22–23-də Prezident İlham Əliyevin himayəsi altında keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu “Parçalanmış qlobal iqtisadiyyatda Şərq–Qərb, Şimal–Cənub əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr olunmuşdu. Forumun əsas məqsədi Azərbaycanın investisiya imkanlarını beynəlxalq investorlar qarşısında təqdim etmək, dövlət və özəl sektor arasında əməkdaşlığı daha da genişləndirmək, həmçinin yeni kapital və strateji tərəfdaşlıqlar üçün platforma yaratmaq idi. Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. İmzalanmış sənədlər və formalaşan yeni tərəfdaşlıqlar Forumun investisiya dialoqu üçün praktik platforma rolunu gücləndirdi.
Azərbaycan yeni investisiya imkanlarının astanasında
Birinci forumun yaratdığı əməkdaşlıq mühiti və əldə olunan razılaşmalar fonunda Azərbaycan artıq növbəti Beynəlxalq İnvestisiya Forumuna hazırlaşır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 25–26 sentyabr 2026-cı ildə Bakıda keçiriləcək. Bu isə forumun birdəfəlik tədbir deyil, institusional xarakter alan və Azərbaycanın uzunmüddətli investisiya strategiyasının mühüm platformasına çevrilən genişmiqyaslı, strateji proqram olduğunu göstərir. Forum yeni layihələrin təqdimatını həyata keçirmək, regional əməkdaşlığı genişləndirmək və Azərbaycanın Şərq ilə Qərb arasında iqtisadi körpü rolunu praktik layihələr vasitəsilə nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun institusional əsasları da gücləndirilir
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Forumun Təşkilat Komitəsi yaradılıb. Komitənin tərkibinə xarici işlər, maliyyə, mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil edilib.
İqtisadiyyat Nazirliyi Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək. Sərəncamda qeyd olunub ki, Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Beləliklə, Təşkilat Komitəsinin yaradılması Forumun tədbirdən daha çox, Azərbaycanın investisiya siyasətinin beynəlxalq səviyyədə təqdimatına xidmət edən davamlı platformaya çevrilməsi istiqamətində institusional addım kimi qiymətləndirilə bilər. 2025-ci ildə qurulan əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni investorların cəlb olunması baxımından ikinci Forumun keçirilməsi Azərbaycanın investisiya strategiyasında mühüm hadisələrdən biri olacaq.