Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfəri həm Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı, həm də ölkəmizin beynəlxalq və regional əməkdaşlıq platformalarında mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə dinamik inkişaf edir və qarşılıqlı etimad üzərində qurulub:
“Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın digər istiqamətlərə də genişlənməsinə ciddi təkan verir. Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, humanitar və mədəni sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır.
Azərbaycan və Qırğızıstanı yaxınlaşdıran əsas amillərdən biri də ölkələrimizin ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olmasıdır. Türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın gücləndirilməsi Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında həmrəylik və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir”.
Deputatın sözlərinə görə, səfərin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində baş tutması isə ayrıca önəm daşıyır:
“Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusunda təmsil olunur və bu platforma ölkəmizə geniş coğrafiyanı əhatə edən dövlətlərlə siyasi, iqtisadi və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq üçün mühüm imkanlar yaradır. Azərbaycanın ŞƏT çərçivəsində fəal iştirakı ölkəmizin çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin növbəti göstəricisidir.
ŞƏT dünyanın mühüm siyasi və iqtisadi güclərini bir araya gətirən platformalardan biridir. Azərbaycanın burada dialoq tərəfdaşı kimi iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və müxtəlif regional əməkdaşlıq mexanizmlərində fəal iştirakını nümayiş etdirir. Prezident İlham Əliyevin ŞƏT-in tədbirlərində iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, regional və qlobal gündəlikdə ölkəmizi maraqlandıran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformadır.
Digər tərəfdən, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin son dövrlərdə sürətlə inkişaf etməsi xüsusi qeyd olunmalıdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yalnız siyasi münasibətlərlə məhdudlaşmır, nəqliyyat və logistika bağlantıları, ticarət, enerji, investisiya və digər sahələri də əhatə edir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe ölkəmizi Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevirir. Bu baxımdan Qırğızıstanla əməkdaşlığın genişləndirilməsi daha böyük regional bağlantıların formalaşmasına da töhfə verə bilər.
Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi, Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın ŞƏT çərçivəsində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır. Səfər zamanı keçiriləcək görüşlər və aparılacaq müzakirələr həm ikitərəfli münasibətlərin gündəliyinin zənginləşdirilməsinə, həm də Azərbaycan üçün yeni iqtisadi və diplomatik imkanların formalaşmasına xidmət edəcək.
Azərbaycanın xarici siyasətində dost və tərəfdaş ölkələrlə münasibətlərin inkişafı ilə yanaşı, müxtəlif beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Prezident İlham Əliyevin Qırğızıstana səfəri də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu səfər Azərbaycanın həm Türk dünyasında, həm Mərkəzi Asiya regionunda, həm də daha geniş beynəlxalq müstəvidə əməkdaşlıq imkanlarını artırmaq baxımından əhəmiyyətlidir”.