Bakı.Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşıdan gələn sammiti Qırğızıstanın nəqliyyat əməkdaşlığının inkişafına, o cümlədən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Xəzər dənizi və Azərbaycan üzərindən Orta Dəhlizlə əlaqələndirilməsinə yeni təkan verə bilər.
Bu barədə Trend-ə Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya Fəaliyyəti Şöbəsinin baş eksperti Temirlan Razbayev bildirib.
“Birinci perspektivli istiqamət logistika sahəsidir. Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun Xəzər dənizi və Azərbaycan üzərindən Orta Dəhlizlə əlaqələndirilməsi məqsədəuyğundur. Azərbaycan tərəfinin rəsmi məlumatlarına görə, Ələt limanının ötürücülük qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır, Azərbaycandan keçən Orta Dəhliz üzrə yükdaşımaların həcmi isə 2022-ci ildən etibarən təxminən 90% artıb. Qırğızıstan üçün praktiki nəticəni xəritədəki sxemin özü deyil, müntəzəm konteyner daşımaları xidməti, vahid elektron sənəd və rəqabətədavamlı vahid tarif təmin edəcək”, – deyə o bildirib.
Ekspert əlavə edib ki, ikinci perspektivli istiqamət investisiyalardır. Belə ki, 2026-cı ilin iyulunda Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalı 100 milyon dollardan 200 milyon dollara qədər artırılıb. Eyni zamanda, üç birgə layihənin açılışı olub və səkkiz təşəbbüsə start verilib.
“Növbəti mərhələ aqrar emal, logistika, yaşıl enerji və rəqəmsal xidmətlər sahələrində ölçülə bilən istehsal layihələrinə keçiddən ibarət olmalıdır. Burada söhbət bu sektorların hər biri üzrə artıq təsdiqlənmiş sazişlərdən deyil, perspektivli istiqamətlərdən gedir”, – deyə o əlavə edib.
Bununla yanaşı, Temirlan Razbayev üçüncü istiqamətin turizm və insanlararası təmaslar olduğunu qeyd edib.
“2026-cı il iyulun 31-də İssık-Kul gölünün sahilində yerləşən Kara-Oy kəndində Azərbaycan tərəfinin inşa etdiyi beşulduzlu "Baku Resort & Spa" kompleksi açılıb. Açılışla bağlı rəsmi məlumata əsasən, kompleks 17 hektardan çox ərazini əhatə edir, 111 nömrə və 10 kottecə malikdir və 330 qonağın qəbulu üçün nəzərdə tutulub. İlkin mərhələdə 255 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Bu, yaradılmış obyekt, məşğulluq və infrastrukturun keyfiyyəti əsasında qiymətləndirilə bilən konkret layihə nümunəsidir. Ümumilikdə əməkdaşlığın uğuru memorandumların sayı ilə deyil, daşımaların həcmi, yatırılan vəsait, istifadəyə verilən müəssisələr və yaradılan iş yerlərinin sayı ilə ölçülməlidir”, – deyə baş ekspert vurğulayıb.
Bundan əlavə, Temirlan Razbayev qeyd edib ki, hazırda Qırğızıstanın ŞƏT-də rolu ilk növbədə Mərkəzi Asiyanın maraqlarını böyük Avrasiya birliyi çərçivəsində irəli sürmək qabiliyyəti ilə müəyyən olunur.
“ŞƏT əhalisinin sayı 3,4 milyard nəfərdən çox olan 10 dövləti birləşdirir; onların payına dünya ÜDM-nin təxminən dörddə biri və beynəlxalq ticarətin 15 faizindən çoxu düşür. Müqayisə üçün qeyd edək ki, Qırğızıstanın 2019-cu ildə təşkilata sədrliyi zamanı ŞƏT-in səkkiz üzvü var idi – İran və Belarus təşkilata daha sonra qoşulublar. Buna görə də hazırkı sədrlik daha miqyaslı və mürəkkəb struktur şəraitində keçir.
2025-2026-cı illər ərzində Bişkek konkret prioritetləri müəyyənləşdirib: ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, tranzit potensialının inkişafı, bərpa olunan enerji və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi. Praktiki göstəricilərdən biri 2026-cı il iyunun 24-də keçirilən və 600-dən çox iştirakçını bir araya gətirən ŞƏT İnvestisiya Biznes Forumudur. Yaradılması planlaşdırılan ŞƏT Universal Mərkəzinin strukturunda Bişkekdə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin yaradılması nəzərdə tutulur.
Buna görə də demək daha düzgün olar ki, bir il ərzində ölkə Mərkəzi Asiya gündəliyinin koordinatoru və təşəbbüskarı kimi rolunu gücləndirib. Yekun qiymətləndirməni Bişkek sammitinin qərarlar paketi verəcək”, – deyə o qeyd edib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın tərkibi genişlənərək 10 üzv dövlətə çatıb.
ŞƏT-in yubiley 26-cı sammiti 2026-cı il avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın sədrliyi ilə Bişkekdə keçiriləcək. Görüşdə təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi, habelə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
Sammitin yekunları üzrə liderlərin ŞƏT-in maliyyə və iqtisadi mexanizmlərinin inkişafı ilə bağlı bir sıra sənədləri, o cümlədən milli valyutalarda hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması təşəbbüslərini nəzərdən keçirəcəyi gözlənilir.