Bakı.Trend:
“Azərenerji”nin bu ilin yanvar-iyul aylarında ixracdan əldə etdiyi gəlirlər açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust buraxılışında dərc olunan “İxrac icmalı”na əsasən, cari ilin yanvar-iyul aylarında “Azərenerji” ASC-nin ixrac gəlirləri 7,5 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3,5 milyon ABŞ dolları və ya 87,5 faiz çoxdur.
Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC yer alır.
Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransının kuluarlarında Trend-ə eksklüziv müsahibəsində bildirib ki, şirkət beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməyə davam edir və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələr həyata keçirir.
"SOCAR öz aktivlərinin ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın səmərəliliyinin artırılması, həmçinin məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiya yatırmağa davam edir", – deyə o bildirib.