Bakı. Trend:
25 avqust tarixində Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən “Lufthansa” aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına görə, buna səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.
"Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat infrastrukturu alternativ və tranzit reyslərin qəbuluna tam hazırdır. Aeroport regional hava nəqliyyatı sistemində etibarlı ehtiyat hava limanı funksiyasını effektiv şəkildə yerinə yetirməyə davam edir", - məlumatda qeyd edilib.