Daşkənd. Trend:
Özbəkistanda maliyyə xidmətlərinin rəqəmsallaşdırılması prosesi fəal şəkildə davam edir və bazarda yeni bank formatı – MFB (mikromaliyyə bankı) yaranıb.
Bu barədə Trend-in xüsusi müxbirinə Daşkənddə keçirilən İpək Yolu Maliyyəsi və Texnologiya Forumu çərçivəsində “Tayanch mikromaliyyə bankı” ASC-nin layihə ofisinin rəhbəri Vladislav Kim bildirib.
Onun sözlərinə görə, Özbəkistanda maliyyə sektorunun rəqəmsallaşdırılması 2026-cı ildə də fəal şəkildə davam edir və bankları, mikromaliyyə təşkilatlarını, eləcə də fintex şirkətlərini əhatə edir.
“Özbəkistanda maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və onların ekosistemlərə inteqrasiyası prosesi fəal şəkildə davam edir. Banklar və ödəniş təşkilatları ənənəvi maliyyə xidmətləri ilə yanaşı, sığorta, marketpleyslər və digər gündəlik xidmətləri də fəal şəkildə inteqrasiya edirlər. Həmçinin Mərkəzi Bank səviyyəsində artıq İslam bankçılığının tənzimlənməsi hazırlanır”, - deyə Vladislav bildirib.
O, həmçinin Özbəkistanda mikromaliyyə bankı statusunun yaradılmasından danışıb. Onun sözlərinə görə, əvvəllər müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziyaları banklar və mikromaliyyə təşkilatları əldə edirdi. Lakin sonuncular bir sıra ödəniş sistemləri və prosessinq infrastrukturu ilə inteqrasiya imkanları baxımından məhdudlaşdırılmışdı.
“Bir müddət əvvəl mikromaliyyə təşkilatlarının mikromaliyyə bankı statusunun alınması üçün müraciət edə biləcəklərini nəzərdə tutan qərar qəbul edilib”, - deyə o qeyd edib.
Vladislavın sözlərinə görə, belə statusun əldə edilməsi üçün şərtlər klassik banklara tətbiq olunan tələblərdən fərqlənir, lakin mikromaliyyə təşkilatlarına daha geniş imkanlar təqdim edir.
O bildirib ki, “Tayanch mikromaliyyə bankı” ASC Özbəkistanda bu statusu əldə edən ilk və hazırda yeganə iştirakçıdır.
Hazırda "Tayanch" fiziki şəxslər, özünüməşğul şəxslər, fərdi sahibkarlar və hüquqi şəxslər üçün geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Bununla yanaşı, əsas diqqət kiçik biznesə dəstəyə yönəldilib.
“Tayanch" fərdi sahibkarlar və özünüməşğul şəxslər üçün məhsul və xidmətləri fəal şəkildə inkişaf etdirir, kiçik biznes subyektlərinin fəaliyyətə başlaması və inkişafı üçün əlverişli şərait yaradır”, - deyə Vladislav bildirib.
Onun sözlərinə görə, gələcəkdə bank kiçik biznesə yalnız maliyyə xidmətləri deyil, həm də mühasibatlıq və bizneslə bağlı digər yardımçı məsələlər üzrə konsaltinq xidmətləri göstərməyi planlaşdırır. Bütün bunlar "tayanch" tətbiqindən çıxmadan həyata keçiriləcək.
“Biz "Tayanch"da müştərilərin rahatlığına və onların qiymətli vaxtına qənaət etməyə yönəlmiş xidmətlər qururuq”, - deyə o qeyd edib.
Vladislav əlavə edib ki, bank fiziki şəxrlərə də xidmət göstərir və həm onlayn kanallar, həm də filial vasitəsilə ənənəvi xidmət imkanları təqdim edir.