Bakı. Trend:
Aqrar Xidmətlər Agentliyinin (AXA) regionlar üzrə ümumilikdə 13 laboratoriyası fəaliyyət göstərir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının direktoru Vüsal Ağayev Mərkəzi Laboratoriyada keçirilən “Açıq qapı” günündə deyib.
Onun sözlərinə görə, regional laboratoriyalardan 11-də həm aqrokimyəvi, həm də toxum analizləri aparılır.
“Mərkəzi Laboratoriyada aqrokimyəvi və toxum analizləri ilə yanaşı, məhsul və baytarlıq istiqamətində də analizlər aparılır. Yeni strukturda bitki xəstəlikləri üzrə müayinələrin aparılması da nəzərdə tutulub və artıq bu istiqamətdə ayrıca şöbə fəaliyyət göstərir. Beləliklə, Mərkəzi Laboratoriyada daha geniş diapazonda analizlərin aparılması təmin edilir”, - deyə V.Ağayev bildirib.
O qeyd edib ki, aqrokimyəvi analizlər çərçivəsində torpaq və suvarma suyunun analizləri, həmçinin bitkilərdə qidalı maddələrin, o cümlədən makro və mikroelementlərin təyini həyata keçirilir.
V.Ağayevin sözlərinə görə, torpağın, suvarma suyunun, eləcə də bitkilərdə mənimsənilən mikro və makroelementlərin analiz edilməsi aqrar sahədə elmi yanaşmanın tətbiqinə imkan yaradır. Bu nəticələr fermerlərin təsərrüfat fəaliyyətini daha dəqiq məlumatlar əsasında qurmasına şərait yaradır.
“Torpağın vəziyyəti nəzərə alınmadan əlavə gübrənin verilməsi həm iqtisadi baxımdan səmərəsizdir, həm də ekoloji baxımdan mənfi nəticələrə səbəb ola bilər. Bu, eyni zamanda torpağın strukturuna zərər verə, onun strukturunun dağılmasına gətirib çıxara bilər. Ona görə də fermerin torpaqdakı mikro və makroelementlərin səviyyəsini, eləcə də digər fiziki göstəriciləri bilməsi və fəaliyyətini bunun əsasında qurması daha əhəmiyyətlidir”, - deyə direktor vurğulayıb.
V.Ağayev bildirib ki, Mərkəzi Laboratoriya aqrokimyəvi, toxum və digər analizlərin aparılması üçün beynəlxalq standartların tələblərinə cavab verən yüksək həssaslığa malik cihazlarla təchiz olunub.
Onun sözlərinə görə, laboratoriyada analizlərin peşəkar səviyyədə aparılması üçün kifayət qədər ixtisaslı kadr potensialı da mövcuddur.