Daşkənd.Trend:
Rəqəmsal ödənişlərin həcminin artması onlarla bağlı risklərin spektrinin genişlənməsi ilə müşayiət olunur ki, bu da maliyyə savadlılığının və istifadəçilərin məlumatlılığının əhəmiyyətini artırır.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Daşkənddə keçirilən İpək Yolu Maliyyəsi və Texnologiya Forumu çərçivəsində Visa CEMEA-nın konsaltinq və analitika üzrə baş direktoru Nikolay Belşteyn bildirib.
Belşteynin sözlərinə görə, rəqəmsal ödənişlərin həcminin artması təhdidlərin də genişlənməsi ilə müşayiət olunur ki, bu da maliyyə bazarının iştirakçılarından risklərin müvafiq şəkildə idarə olunmasını tələb edir.
O qeyd edib ki, maliyyə xidmətləri göstərənlər, emitentlər və banklar müvafiq risklərin idarə edilməsinə görə məsuliyyəti öz üzərlərinə götürməli, tənzimləyicilər isə təhlükəsiz mühitin formalaşdırılmasında mühüm rol oynayırlar.
“Biz - xidmət təminatçıları, emitentlər, banklar və digər iştirakçılar olaraq bu məsuliyyəti öz üzərimizə götürməli və riskləri lazımi qaydada idarə etməliyik”, - deyə Belşteyn qeyd edib.
Bununla yanaşı, o, rəqəmsal ödəniş ekosistemi üçün əsas çağırışlardan birinin insan amili olduğunu bildirib.
“Bu gün ekosistemin üzləşdiyi əsas problemlər və çağırışlar ödəniş sistemləri və ya ekosistemin özü ilə o qədər də bağlı deyil. Bunlar daha çox ən zəif həlqə olan insanlarla bağlıdır”, - deyə o bildirib.
Belşteynin sözlərinə görə, müştərilərin təhsil və məlumatlılıq səviyyəsinin artırılması fırıldaqçılıq hallarının əhəmiyyətli hissəsinin qarşısını almağa kömək edə bilər.
“Müştərilərimizin maarifləndirilməsinə və məlumatlandırılmasına böyük diqqət yetirməliyik”, - deyə o vurğulayıb.
O, istifadəçilərə əməliyyatları həyata keçirməzdən əvvəl şübhəli sorğuları əlavə olaraq yoxlamağı, o cümlədən birbaşa öz bankları ilə əlaqə saxlamağı tövsiyə edib.