Bakı. Trend:
Аvqustun 24-nə keçən gecə Haitinin paytaxtı Port-o-Prens yaxınlığında yerləşən Kenskof şəhərinə quldur dəstəsinin silahlı hücumu nəticəsində azı 42 nəfər həlak olub.
Bu barədə yerli Tele Galaxie radiostansiyası məlumat yayıb.
“Hazırda 42 nəfərin öldüyü bildirilir, lakin qurbanların sayı daha çox ola bilər”, - deyə radiostansiyanın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Məlumata görə, silahlı "Viv Ansanm" koalisiyasının üzvləri olan quldur dəstələri bazar ertəsi səhər tezdən əraziyə daxil olaraq Kenskofda onlarla evə hücum edib və onları yandırıblar.
Haiti hökuməti yaydığı bəyanatda hücumu pisləyib və zərərçəkən ailələrə həmrəyliyini ifadə edib.
“Hökumət qətiyyətlə dayanır. O, geri çəkilməyəcək, güzəştə getməyəcək və geri addım atmayacaq. Kenskof taleyin ümidinə buraxılmayacaq. Haiti quldurların ixtiyarına verilməyəcək. Respublika qalib gələcək”, — deyə bəyanatda bildirilib.
Haiti 2021-ci ildə prezident Jovenel Moisenin öldürülməsindən sonra getdikcə dərinləşən təhlükəsizlik böhranı ilə üzləşib. Prezidentin qətlə yetirilməsi hakimiyyət boşluğu yaradıb və bu, silahlı quldur dəstələrinin təsirlərini genişləndirməsinə şərait yaradıb. Quldur dəstələri Port-o-Prensin böyük hissəsinə və şəhərə bitişik ərazilərin bir qisminə nəzarət edir. BMT-nin məlumatına görə, son aylarda Port-o-Prensdə 600-dən çox insan həlak olub.
Qeyd edək ki, Haitidə 13 dekabr 2026-cı il tarixində prezident və parlament seçkiləri keçiriləcək.