Benyamin Netanyahu İranın oğullarından birini “öldürməyə cəhd etdiyini” bildirib
İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi İranın iki oğlundan birinə sui-qəsd etməyə cəhd göstərdiyini bildirib, lakin bununla bağlı əlavə təfərrüat açıqlamayıb. “İnanılmaz bir hadisə baş verib: İran oğullarımdan birini hədəfə alıb. İran oğullarımdan birini öldürməyə cəhd edib”, - deyə o, İsrailin “Channel 14” telekanalına telefonla verdiyi müsahibə zamanı bildirib.
Benyamin Netanyahunun bu açıqlaması daxili təhlükəsizlik xidməti olan Şin Betin parlament seçkiləri ərəfəsində baş nazirin əsas rəqibi hesab olunan keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkota yaxın mühafizə xidməti göstərməkdən imtina etdiyi barədə məlumatların müzakirəsi zamanı səslənib. Parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.r
Benyamin Netanyahu Qadi Ayzenkotun daimi mühafizə ilə təmin edilməsinin tərəfdarı olduğunu bildirərək bunun “lüks olmadığını” vurğulayıb. “Əks halda, (iranlılar) buna nail olacaqlar”, - deyə o bildirib.
Benyamin Netanyahunun iki oğlu və bir qızı var. Onun oğullarından hansının hədəfə alındığı hələlik məlum deyil. Onun böyük oğlu, 35 yaşlı Yair 2024-cü ilin əvvəlindən etibarən ABŞ-ın Florida ştatının Mayami şəhərində uzun müddət qalıb və onun Şin Betin mühafizəsi altında olduğu bildirilir.
Onun ABŞ-da qalması İsraildə bu mühafizənin vergi ödəyicilərinə yaratdığı xərclərlə bağlı mübahisələrə səbəb olub. Florida sakinləri isə öz növbəsində onun bölgədə olmasının İsrailin düşmənləri tərəfindən hücumlar üçün ərazini hədəfə çevirə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Benyamin Netanyahunun açıqlaması bazar ertəsi ictimaiyyətə açıqlanandan qısa müddət sonra İsraildə tanınmış jurnalist Amit Seqal “Telegram” kanalında yazıb ki, ehtimal olunan sui-qəsd cəhdi “aylardır” məlum olub, lakin onun barədə məlumatların yayılması qadağan edilib.
İranın ali dini lideri Əli Xamenei fevralın 28-də İrana qarşı ABŞ və İsrailin ilk hava zərbələri zamanı, ailəsinin bəzi üzvləri ilə birlikdə öldürülüb. Onu oğlu Müctəba Xamenei əvəz edib.
Dövlət televiziyasında onun adından oxunan müraciətdə Müctəba Xamenei ailə itkilərindən danışaraq atasından əlavə, həyat yoldaşını, bacısını, bacısının övladını və yeznəsini də itirdiyini bildirib.
Müctəba Xamenei ali dini lider təyin olunmasından sonra ictimaiyyət qarşısına çıxmayıb. Atasının dəfn mərasimi münasibətilə onun adından yayımlanan digər müraciətdə yeni ali dini lider Əli Xameneinin “qanını almağa” and içib.