Bakı. Trend:
Konqo Demokratik Respublikası milli qəhrəmanlarının qalıqlarının Belçikadan qaytarılmasını tələb edir.
Bu barədə Konqo Demokratik Respublikası Milli Assambleyasının deputatı Fransis Şibalabala Mukunay Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin 101 illik ədalətsizliyi və reparasiyalar uğrunda mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Biz istəyirik ki, qəhrəmanlarımızın və əcdadlarımızın qalıqları bizə qaytarılsın ki, onları ləyaqətlə dəfn edək”, - deyə Fransis Şibalabala Mukunay bildirib.
Onun sözlərinə görə, indiki nəsil müstəmləkəçiliyi birbaşa yaşamasa da, onun nəticələri Konqo Demokratik Respublikasında hələ də hiss olunur.
“Biz özümüz müstəmləkəçiliyi yaşamamışıq, lakin bunu əcdadlarımız və qəhrəmanlarımız yaşayıb. Bu gün də onun nəticələrini hiss etməkdə davam edirik, çünki müstəmləkəçilik DRC-nin həyatını kökündən dəyişib”, - deyə o qeyd edib.
Mukunay vurğulayıb ki, Belçikanın müstəmləkəçiliyi dövründə Konqo sakinləri qəddar və insan ləyaqətini alçaldan rəftarla üzləşib, ölkənin təbii sərvətləri isə Belçikanın maraqları naminə istismar olunub.
“Mineral ehtiyatlarımız Belçikanın maraqları naminə istismar edilib. İncəsənət əsərləri və arxivlər ölkədən çıxarılıb ki, bu da Konqo xalqının kollektiv yaddaşına təsir edib”, - deyə deputat bildirib.
O həmçinin qeyd edib ki, müstəmləkəçiliyə qarşı mübarizə aparan bəzi şəxslərin qalıqları hələ də Belçikadadır.
“Biz istəyirik ki, qəhrəmanlarımızın və əcdadlarımızın qalıqlarının qaytarılması davam etsin”, - deyə Mukunay bildirib.
Onun sözlərinə görə, Belçikanın Konqoda həyata keçirdiyi müstəmləkəçilik tarixi susdurulmadan və saxtalaşdırılmadan tam şəkildə tədris edilməlidir.
“Rəsmi üzr istənilməsi və belçikalıların DRC-də törətdikləri hər şeyin tanınması da zəruridir”, - deyə o vurğulayıb.
Mukunay Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib və Belçika müstəmləkəçiliyinin nəticələri məsələsini beynəlxalq səviyyəyə çıxardıqları üçün təşkilatçılara təşəkkürünü bildirib.