Bakı. Trend:
“Qızıl top”un sahibi, braziliyalı Ronaldinyo İtaliyanın “Ravenna” klubunun yeni futbolçusu kimi təqdim olunub.
Bu barədə "AFP" agentliyi məlumat yayıb.
Təqdimat mərasimi Ravenna şəhərində keçirilib. Futbolçu üzərində soyadı və 10 nömrəsi əks olunan klub formasında səhnəyə çıxıb.
“Dostlarımla birlikdə burada olduğum üçün çox şadam. Yaxşı nəticələr əldə edə biləcək komandamız var”, - deyə Ronaldinyo bildirib.
“Bilmirəm oynayacağam, yoxsa yox – bunu yalnız baş məşqçi bilir. İtaliyaya qayıtmaq çox gözəldir. Mən buraya komanda yoldaşlarıma qələbə qazanmaqda kömək etmək üçün gəlmişəm. Gördüyünüz kimi, yaxşı formadayam və özümü əla hiss edirəm. Əgər karyeramda 300-cü qolumu vura bilsəm, bu, daha da gözəl olar”, - o əlavə edib.
Ronaldinyo iyun ayında “Ravenna” ilə müqavilə imzalayıb. Mart ayında 46 yaşı tamam olan Braziliya millisinin sabiq futbolçusu klubun investorlarından biridir. Tərəflər müqavilənin şərtlərini açıqlamayıblar.