Bakı. Trend:
Mərkəzi Asiyanın ən görkəmli memarlıq ansambllarından biri Səmərqənddə yerləşən qədim Registan meydanıdır.
Özbəkistana mətbuat turunda iştirak edən azərbaycanlı media nümayəndələri Registanın yaranma tarixi, mədəni və elmi əhəmiyyəti, eləcə də burada yerləşən Uluqbəy, Şirdar və Tilla-Kari mədrəsələrinin xüsusiyyətləri ilə tanış olublar.
Mətbuat turunda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir. İştirakçılar arasında Beynəlxalq İnformasiya Agentliyi Trend-in baş redaktoru Emin Əliyev də var.
Adı özbək dilindən tərcümədə “qumlu yer” mənasını verən Registan meydanı əsrlər boyu Səmərqəndin ictimai və ticarət həyatının mərkəzi olub. Burada mühüm dövlət qərarları elan edilib, bayram tədbirləri keçirilib, tacirlər və sənətkarlar toplaşıblar.
Registan memarlıq ansamblı Teymurilər və sonrakı hökmdarların hakimiyyəti dövründə formalaşıb. Meydandakı ilk tikili görkəmli alim və hökmdar Mirzə Uluqbəyin təşəbbüsü ilə 1417–1420-ci illərdə inşa edilmiş Uluqbəy mədrəsəsi olub. Burada astronomiya, riyaziyyat, fəlsəfə və ilahiyyat tədris edilib.
XVII əsrdə Səmərqənd hökmdarı Yalanqtuş Bahadurun təşəbbüsü ilə daha iki mədrəsə – Şirdar və Tilla-Kari inşa edilib. Tikintisi 1636-cı ildə başa çatdırılan Şirdar mədrəsəsi pərvazında pələng və günəş təsvirləri olan zəngin dekorativ tərtibatı ilə xüsusilə tanınır. Tilla-Kari adı “qızılla örtülmüş” mənasını verir və xüsusilə məscidin interyerindəki zəngin qızılı dekorasiya ilə əlaqələndirilir.
Bu gün üç mədrəsə Səmərqəndin və özbək memarlığının əsas simvollarından birinə çevrilmiş harmonik memarlıq ansamblı təşkil edir.
Mətbuat turu çərçivəsində jurnalistlər Registanın bərpa tarixi ilə də tanış olublar. Əsrlər ərzində kompleks zəlzələlərdən və digər təbii amillərdən dəfələrlə zərər görüb. Genişmiqyaslı bərpa işləri onun memarlıq və bədii irsinin əhəmiyyətli hissəsinin qorunub bərpa edilməsinə imkan verib.
2001-ci ildə Səmərqənd, o cümlədən onun tarixi abidələri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Bu gün Registan meydanı Özbəkistanın ən çox ziyarət edilən turizm məkanlarından biridir. Burada mədəni tədbirlər, konsertlər və təntənəli mərasimlər keçirilir, ansambl isə Səmərqəndin tarixi və mədəni irsinin mühüm simvolu olaraq qalır.








