Bakı. Trend:
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
- altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;
- üç ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;
- Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Sənədə əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.