Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 293 yeni dövlət standartı qəbul edilib.
Agentliyin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilən standartların sayında 3 dəfəyədək artım qeydə alınıb.
Məlumata əsasən, 2025-ci ilin ilin yanvar-iyun ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 100 dövlət standartı qəbul edilmişdi.
Bu il üzrə qəbul edilmiş strandartların 43-ü mebel, 35-i nəqliyyat, 28-i uşaq malları, 21-i tikinti materialları, 9-u əməyin təhlükəsizliyi, 7-si idarəetmə və keyfiyyət, 36-sı maşınqayırma, 33-ü tekstil və dəri texnologiyası, 26-sı qida texnologiyası və kənd təsərrüfatı, 20-si informasiya və telekommunikasiya, 9-u energetika və elektrotexnika, 26-sı isə digər sahələr üzrə olub.
“Yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətini artırmağa kömək edir, qabaqcıl texnologiyaların tətbiqini təşviq edir və bazar subyektləri üçün rəqabət üstünlüyü yaradır”, - məlumatda qeyd edilib.