Bakı. Trend:
2026-cı ilin oktyabrında Braziliyada keçiriləcək prezident seçkiləri milli suverenlik uğrunda mübarizənin kəskinləşməsi və ABŞ-ın ölkənin daxili siyasi kursuna təsir göstərmək cəhdləri fonunda baş tutacağı üçün tarixi əhəmiyyət daşıyacaq.
Bu fikri hakim Əmək Partiyasının (PT) baş ideoloqu, San-Paulu ştatından federal deputatlığa namizəd Joze Dirseu səsləndirib.
Onun sözlərinə görə, qarşıdakı seçkilərin əsas çağırışı ABŞ-ın seçki prosesinə müdaxiləsi və Prezident Donald Trampın siyasəti olacaq. Dirseu hesab edir ki, Vaşinqtonla münasibətlərdə gərginlik azalmayacaq və Tramp Prezident Luiz İnasiu Lula da Silvaya, eləcə də Braziliyaya qarşı təzyiqləri dayandırmayacaq.
Siyasətçi bildirib ki, Vaşinqtonun Braziliyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər və tarif təzyiqləri iqtisadi deyil, sırf siyasi xarakter daşıyır. Onun fikrincə, bu addımların əsas məqsədi seçkilər ərəfəsində Braziliya hökumətini zəiflətməkdir.
Dirseu əlavə edib ki, idxal rüsumlarının artırılması ölkə iqtisadiyyatını pozmağa və inflyasiyanı sürətləndirməyə yönəlib.