Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ölkədə meşə yanğınları və anomal isti hava şəraitinin davam etdiyi bir vaxtda Kot-d'Azur sahillərində istirahət edərkən çəkilmiş fotosunun mətbuatda yayılmasından sonra müxalifətin tənqidi ilə üzləşib.
Bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
"Avropa Ekologiyası – Yaşıllar" Partiyasının milli katibi Marin Tondelye bildirib ki, Fransa xalqı “apokaliptik yay” yaşayarkən prezident məzuniyyətini nümayiş etdirən fotosessiya təşkil edir.
Fransa Sosialist Partiyasının birinci katibi Olivye For isə qeyd edib ki, bir çox vətəndaş istirahətə getməyə maddi imkan tapmadığı halda, Makron hidrosikldə gəzərək vaxt keçirir.
Bundan əvvəl "Meteo-France" hava xidməti Fransadakı hazırkı isti dalğanın tarixdə ən uzun müddət davam edən isti dalğalardan biri olduğunu bildirib. Cümə günü ölkənin Avropa hissəsinin 96 departamentindən 75-də sonuncudan əvvəlki (narıncı) yanğın xəbərdarlığı elan edilib.