Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə 2025–2028-ci illər üçün müəyyən edilmiş strateji hədəflərə qismən nail olunub.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının icrasına dair 2025-ci ilin nəticələrində bildirilib.
Monitorinqin nəticələrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim edilmiş 2025–2028-ci illər üzrə sektor strateji planına daxil olan proqramlar üzrə müəyyən edilmiş hədəflərin icrasında orta statistik göstərici qənaətbəxş səviyyədə olub.
Məlumata görə, 2025-ci ilin dövlət büdcəsində “Kənd təsərrüfatı” sektoru üzrə 7 proqram və 30 tədbirin həyata keçirilməsi üçün 1 milyard 156,5 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, əvvəlki illə müqayisədə 46,1 milyon manat və ya 3,8 faiz azdır.
İcraçı təşkilatların sifarişləri əsasında 1 milyard 120,9 milyon manat vəsait ayrılıb və həmin məbləğ tam həcmdə istifadə olunub.
Sektor üzrə istifadə edilmiş vəsaitin 48,2 faizi Kənd Təsərrüfatı Nazirliyi və tabeliyindəki qurumların, 48,1 faizi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin həyata keçirdiyi tədbirlərin payına düşüb.