Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri İranla müharibədə “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25 faizini itirib. Hər bir PUA-nın dəyəri 50 milyon dollara çatır.
Bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Silahlı Qüvvələri ümumilikdə 45 ədəd “MQ-9 Reaper” itirib. Bu PUA-lar Hörmüz boğazı ərazisində “İran üçün asan hədəfə çevrilib”.
Aşağı hündürlükdə və nisbətən yavaş uçan bu pilotsuz uçuş aparatlarından kəşfiyyat aparılması və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Onların qiyməti quraşdırılmış sensorların və silahların növündən asılı olaraq 30 milyon dollardan 50 milyon dollaradək dəyişə bilər.
Nəşrin hesablamalarına görə, PUA itkiləri ilə bağlı ABŞ vergi ödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür. “The Washington Post”un məlumatına görə, itirilən bütün PUA-lar vurulmayıb. Bəzi aparatlarda operatorlarla PUA arasında əlaqə kəsildikdən sonra qəza baş verib.
ABŞ Müdafiə Nazirliyi “General Atomics” şirkəti tərəfindən istehsal olunan “MQ-9 Reaper” PUA-larını tədricən istismardan çıxarır və onları hədəflərə sürü halında zərbə endirə bilən daha ucuz kəşfiyyat-zərbə PUA-ları parkı ilə əvəz etməyi planlaşdırır.
“MQ-9 Reaper” ABŞ-nin İranla müharibə və Ukraynaya uzun illər ərzində göstərdiyi hərbi dəstək səbəbindən ehtiyatları tükənən silahlarının genişlənən siyahısına əlavə olunub.
“The Washington Post” daha əvvəl bildirmişdi ki, resurs çatışmazlığı İranla münaqişə şəraitində Vaşinqtonun hərbi imkanlarını məhdudlaşdırıb. Pentaqon isə silah arsenalının tükənməsi ilə bağlı xəbərləri təkzib edir.
Bununla yanaşı, Vaşinqton administrasiyası İrana qarşı müharibə ilə əlaqədar çəkilən xərclərin kompensasiya edilməsi və ehtiyatların yenilənməsi üçün Konqresdən 67 milyard dollar ayrılmasını istəyib.