Bakı. Trend:
ABŞ mediasının çərşənbə günü yaydığı məlumata görə, “Los-Anceles Leykers” bir ildən də az müddətdə yenidən sahibini dəyişəcək. NBA-nın əfsanəvi klubu “Disney” şirkətinin keçmiş baş direktoru Bob Ayger və vençur kapitalı investorları qrupuna rəhbərlik edən Coşua Kuşnerin iştirakı ilə yaradılmış qrup tərəfindən rekord məbləğə — 12,5 milyard dollara satın alınacaq.
NBA tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu sövdələşmə peşəkar idman klubunun ən yüksək məbləğə satışına dair yeni rekord müəyyənləşdirəcək. Bundan əvvəlki rekord “Dodgers” klubunun sahibi Mark Uolterin 2025-ci ildə “Leykers”i Bass ailəsindən təxminən 10 milyard dollar məbləğə alması idi.
Kuşner və Ayger bu yaxınlarda NBA-nın gələcəkdə genişləndirilməsi çərçivəsində yeni komandaların yaradılması ehtimalını, xüsusilə Las-Veqas və Sietldə potensial klubların yaradılmasını nəzərdən keçirirdilər. Lakin bunun əvəzinə onlar peşəkar idmanın ən dəyərli və tanınan klublarından biri olan “Leykers”i almaq üçün yüksək məbləğli təklif irəli sürüblər.
“Ömürlük NBA azarkeşləri kimi dünyanın ən məşhur idman klublarından biri olan "Los-Anceles Leykers"in gələcək inkişafına rəhbərlik etmək imkanından böyük şərəf duyuruq”, — Kuşner və Ayger birgə açıqlamalarında bildiriblər. “Uzunmüddətli məqsədimiz ən yüksək səviyyədə mübarizə aparmaq və bu möhtəşəm komandaya, onun azarkeşlərinə və Los-Anceles şəhərinə xidmət etməkdir”.
Sövdələşmənin tamamlanması üçün NBA-nın idarəçilər şurasının təsdiqi tələb olunur. Bu proses bir neçə həftə çəkə bilər.
Uolterin sahib olduğu qrupun "Los-Anceles Sparks", "Çelsi" FK, Qadınlar üzrə Peşəkar Xokkey Liqası və bir sıra avtoidman təşkilatlarında da payları var.
Məlumata görə, Uolter yalnız "Leykers"dəki payını satır. “Dodgers” və “Sparks” bu sövdələşməyə daxil deyil.
41 yaşlı Kuşner vençur kapitalı şirkəti "Thrive Capital"ın təsisçisidir və "Oscar Health" şirkətinin həmtəsisçisi və sədr müavinidir. O, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin kiçik qardaşıdır.
75 yaşlı Ayger mart ayında “Disney” şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Ayger ilin sonunadək “Disney”in direktorlar şurasının üzvü və baş məsləhətçisi olaraq qalacaq.