Bakı. Trend:
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə keçirilən görüşdə iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO məlumat yayıb.
Belə ki, AZPROMO-da Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüş keçirilib.
Görüş zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin fəaliyyəti, ölkəmizin biznes və investisiya mühiti, eləcə də bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib. Tərəflər arasında Çili şirkətlərinin və aidiyyəti qurumların forumda iştirakının təmin edilməsi ilə bağlı razılıq əldə olunub.
Görüşdə həmçinin Azərbaycan və Çili arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin reallaşdırılması imkanları müzakirə olunub.