Bakı. Trend:
Yaponiya Şimali Koreyanın ballistik raket buraxmasına diplomatik kanallarla etirazını bildirib.
Bu barədə Yaponiyanın müdafiə naziri Şiniciro Koizumi məlumat verib.
Nazirin sözlərinə görə, Tokio Pekindəki səfirliyi vasitəsilə Pxenyana qəti etirazını çatdırıb. Koizumi raket buraxılışının BMT Təhlükəsizlik Şurasının qüvvədə olan qətnamələrinin pozulması olduğunu bildirib.
O qeyd edib ki, Yaponiya ABŞ və Cənubi Koreya ilə birlikdə Şimali Koreyanın raket buraxılışı ilə bağlı məlumatları təhlil etməyə davam edir. Nazir hadisə nəticəsində hər hansı zərərin baş verməsi barədə məlumat daxil olmadığını da vurğulayıb.
Koizumi raketin Yapon dənizində Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü təsdiqləyib. O, raketin uçuş məsafəsi və hündürlüyü ilə bağlı dəqiq məlumat verməyib və bu göstəricilərin hazırda araşdırıldığını bildirib. Nazir raketin ballistik tipli olduğunu da təsdiqləyib.