Bakı. Trend:
Yəməndəki “Ənsar Allah” hərəkatının husilərdən ibarət silahlı qüvvələri Səudiyyə Ərəbistanı qüvvələrinin Moxa şəhəri ərazisində və Mərib əyalətindəki mövqelərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə bildirib.
“Silahlı qüvvələrimiz Moxa ərazisində və Mərib əyalətindəki Tadavin düşərgəsində Səudiyyə qüvvələrinin, onların silah anbarlarının və qərargahlarının yerləşdiyi ərazilərə çoxsaylı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirib”, - deyə o bildirib.
Üsyançıların iddiasına görə, hücum nəticəsində “onlarla insan, o cümlədən Səudiyyə vətəndaşları həlak olub və yaralanıb”.
Səriə vurğulayıb ki, husilər münaqişənin gərginləşdirilməsinə çalışdığını iddia etdiyi Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
Bundan əlavə, üsyançılar Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyasının tərəfində döyüşən yəmənliləri silahlarını yerə qoymağa və qarşı tərəfin sıralarını tərk etməyə çağırıblar.