Bakı. Trend:
Sentyabrın 23-də Tehranda Xəzəryanı ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçiriləcək.
Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu gün (11 avqust) Tehranda Xəzər Dənizi Milli Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə deyib.
“23 sentyabrda Xəzəryanı ölkələrin razılaşması ilə Tehranda Xəzəryanı ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə iclasın keçirilməsi planlaşdırılır”, - deyə o qeyd edib.
Qəribabadi bildirib ki, iclasın keçirilməsinə qısa vaxtın qaldığını nəzərə alaraq bütün sahilyanı ölkələrin lazımi tədbirlər görməsi ilə bu iclasın layiqli səviyyədə keçiriləcəyi gözlənilir.
Nazir müavini deyib ki, Xəzəryanı ölkələrin nümayəndələrinin Tehranda bir araya gəlməsi birgə maraq doğuran məsələlər haqqında danışıqlar aparması üçün bir imkandır. Eyni zamanda gələcəkdə daha konstruktiv anlaşma üçün şəraitin yaranması, mövqelər haqqında fikir mübadiləsinin aparılması, ikitərəfli və çoxtərəfli təmasların möhkəmlənməsinə şərait yarada bilər. Bu iclasdan Xəzər diplomatiyasının möhkəmlənməsi üçün istifadə etmək mümkündür.
“Dost və qonşu Türkmənistan Xəzər dənizinin ətraf mühiti və su səviyyəsinin araşdırılması haqqında Xəzəryanı ölkələrin zirvə toplantısının 9 oktyabrda Aşqabadda keçirilməsini təklif edib. İran bu təklifi dəstəkləyir”, - deyə o bildirib.
Qəribabadi deyib ki, Xəzər diplomatiyası bir çərçivə ilə mövcud çərçivələri dəyişdirmək anlamında deyil. Əksinə sahilyanı ölkələr arasında əlaqə, dialoq və əməkdaşlığı qorumaq üçün Xəzər dənizinin potensialından istifadə etmək mənasındadır. Bu baxımdan Tehranda keçiriləcək iclas sahilyanı ölkələr arasında əlaqələrin möhkəmlənməsi və yeni əməkdaşlıq şəraitinin yaranması üçün uyğun fürsət ola bilər.
Nazir müavini əlavə edib ki, 23 il öncə 5 sahilyanı ölkə Tehranda “Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi çərçivə konvensiyasını” imzalayıb və bu konvensiyanın icrasından 20 il ötür.
Qəribabadi bildirib ki, ABŞ və İsrailin İran əleyhinə 40 günlük hücumları və onun nəticələri Xəzər dənizinin strateji və geosiyasi əhəmiyyəti bir daha ön plana çıxarıb.
Qeyd edək ki, bu gün Tehranda İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri, Xəzəryanın vilayətlərin valiləri, parlamentin deputatları, sahilyanı ölkələrin səfir və diplomatları, ətraf mühit fəallarının iştirakı ilə Tehranda Xəzər Dənizi Milli Günü tədbiri keçirilib.