Bakı.Trend:
Filippində “Luis” və “Maymay” tropik siklonlarının, eləcə də cənub-qərb mussonunun güclənməsinin səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 19 nəfər həlak olub.
Bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, ölənlər ölkənin şimalındakı Benqet, Rizal və Batanqas əyalətlərində qeydə alınıb. Ən çox insan Benqet əyalətində həlak olub. Burada qurbanların əksəriyyəti torpaq sürüşmələri nəticəsində həyatını itirib.
Daha 4 nəfərin taleyi məlum deyil, 15 sakin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Əlverişsiz hava şəraiti ölkənin paytaxt Manila da daxil olmaqla, 10 bölgəsində 2,27 milyondan çox insana təsir edib. Fəaliyyət göstərən 919 təxliyə mərkəzində təxminən 95 min nəfər yerləşdirilib.