Bakı.Trend:
Kiyev və Kişinyov Ukrayna taxılının Rumıniyanın Konstansa limanına daşınması üçün dəmir yolu dəhlizinin bərpasını müzakirə edir.
Bu barədə “Reuters” hər iki ölkədəki mənbələrə istinadən yazır.
“Reuters”in məlumatına görə, Ukrayna taxılın Moldova üzərindən dəmir yolu ilə daşınmasına başlaya bilər. Agentliyin avqustun 10-da hər iki ölkədəki mənbələrə istinadən yaydığı xəbərə görə, Kiyev bu variantı dəniz yolu ilə müqayisədə daha təhlükəsiz ixrac marşrutu kimi nəzərdən keçirir və Kişinyovdan daşımalar üçün tariflərin aşağı salınmasını xahiş edib.
Mənbələr “Reuters”ə bildiriblər ki, Kiyev taxılını Moldova ərazisindən Rumıniyanın Konstansa limanına nominal tarifdən 50 faiz endirimlə daşımaq istəyir. Ukraynada sahənin yüksək vəzifəli nümayəndəsi bildirib: “Hazırda maraqlı yükdaşıyanlardan potensial həcmlər barədə məlumat toplayırıq. Məlumatların toplanması prosesi hələ başa çatmayıb”.
Moldova dəmir yolu şirkətindəki mənbə isə bildirib ki, Moldova tərəfi Kiyevə Ukrayna taxılının daşınması üçün müəyyən həcmdə yük təminatlarının verilməsini təklif edib.