Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdə keçirilən görüş və Prezident İlham Əliyevin bundan sonra iki ölkənin artıq sülh şəraitində yaşaması barədə bəyanatı olub.
Bunu Trend-ə özəl açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş (2010-2012) səfiri Metyu Brayza deyib.
O bildirib ki, Prezident İlham Əliyevin həmin bəyanatından sonra sülh prosesi çərçivəsində bir sıra mühüm addımlar atılıb.
“Azərbaycanın Ermənistana buğda, enerji, təbii qaz və digər malların daşınmasını asanlaşdırması, Ermənistanın isə Türkiyəni Naxçıvan, Ermənistan və Azərbaycanın digər hissəsi ilə birləşdirən dəhliz boyunca əks istiqamətdə daşımalar üçün şərait yaratması sayəsində Azərbaycan və Ermənistan getdikcə daha da möhkəmlənən sülh şəraitində yaşayırlar”, - deyə M.Brayza bildirib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycan və Ermənistan rəhbərləri arasında aparılan müzakirələr məhsuldar olub.
M.Brayza qeyd edib ki, ötən il ərzində baş verən ikinci mühüm hadisə Nikol Paşinyanın siyasi təşkilatının Ermənistanda keçirilən parlament seçkilərində qələbəsi olub.
Keçmiş səfirin sözlərinə görə, Prezident İlham Əliyevin və digər yüksəkvəzifəli Azərbaycan rəsmilərinin də qeyd etdiyi kimi, hələ sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, Azərbaycan və Ermənistan birgəyaşayışı davam etdirir və iki ölkə arasında mövcud olan sülhü möhkəmləndirir.
“Fikrimcə bu prosesin davam etməsi mühüm əhəmiyyət kəsb edir”, - M.Brayza vurğulayıb.
O, bu proses çərçivəsində Azərbaycan və Ermənistan arasında müxtəlif nəqliyyat və kommunikasiya bağlantılarının yaradılmasını xüsusi əhəmiyyətli hesab edir.
“Burada Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin, o cümlədən məlumat xətlərinin, yolların, dəmir yollarının və enerji bağlantılarının qurulmasını nəzərdə tuturam”, - deyə M.Brayza bildirib.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında, eləcə də Türkiyə ilə qarşılıqlı əlaqələrin genişlənməsi iki ölkə arasında artıq mövcud olan sülhü daha da möhkəmləndirir.
M.Brayza Azərbaycanın tələbi kimi Ermənistan Konstitusiyasına mümkün dəyişiklik məsələsinə də toxunub.
“Ermənistan Konstitusiyasına gözlənilən dəyişikliyin gələcəyi ilə bağlı nə baş verəcəyini zaman göstərəcək”, - deyə o qeyd edib.
Keçmiş səfir hesab edir ki, əsas məsələ Azərbaycan və Ermənistanın bir-biri ilə, eləcə də qonşuları ilə, o cümlədən Mərkəzi Asiya və Türkiyə ilə əməkdaşlığı davam etdirməsi, dövlətlər arasında qarşılıqlı əlaqələrə sərmayə qoyuluşunu artırması və onları bir-birinə daha sıx bağlayan ticarət modelləri formalaşdırmasıdır.
“Əlbəttə ki, ABŞ xüsusilə investisiyalar vasitəsilə bu prosesin asanlaşdırılmasında aparıcı rol oynamalıdır”, - M.Brayza əlavə edib.