Bakı. Trend:
Böyük Britaniyada ev təsərrüfatlarının enerji təchizatçılarına olan borcu rekord səviyyəyə yüksəlib.
Bu barədə "The Independent" nəşri məlumat yayıb.
Məlumata görə, ölkə üzrə enerji borclarının həcmi ötən rübdə 5 faiz artaraq 4,79 milyard funt sterlinqə çatıb. York Universitetinin tədqiqatçılarının hökumətin ailə resursları sorğusunun məlumatları əsasında apardığı təhlil göstərir ki, enerji borcları ən çox Şotlandiya, Yorkşir və İngiltərənin şimal-şərq bölgələrini əhatə edib.
2025-ci ilin mart ayına qədər olan dövrdə bu bölgələrdə ev təsərrüfatlarının azı 4,8 faizi qaz və ya elektrik enerjisi ödənişlərini vaxtında edə bilməyib. Bu göstəriciyə görə növbəti yerdə 4,5 faizlə London qərarlaşıb. Araşdırmaya əsasən, ən çox çətinlik çəkən qrup təkvalideynli ailələrdir. Belə ailələrin 14,3 faizi enerji ödənişləri üzrə borca düşüb ki, bu da ölkə üzrə orta göstərici olan 3,9 faizdən üç dəfədən çoxdur.