Bakı. Trend:
2026-cı ilin ilk yarısında Səngəçal terminalından təxminən 97 milyon barel neft və kondensat ixrac edilib.
Trend-in bp-nin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 106 milyon barellə müqayisədə 8,5% azdır.
İxrac olunan neft və kondensat əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılıb.
Hesabat dövründə "Azəri-Çıraq-Günəşli" (AÇG) və Şahdəniz yataqlarından hasil olunan neft və qaz sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql edilməyə davam edib.
Hazırda terminalın emal gücü sutkada 1,2 milyon barel neft və kondensat, həmçinin 81 milyon standart kubmetr Şahdəniz qazı təşkil edir. AÇG-dən hasil olunan səmt qazı da nəzərə alınmaqla terminalın ümumi qaz emalı və ixrac gücü gündəlik 100 milyon standart kubmetrə yaxındır.
Qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK), o cümlədən onun genişləndirilmiş sistemi, eləcə də terminalın qaz emalı qurğularını “Azəriqaz”ın milli qaz şəbəkəsi ilə birləşdirən boru kəmərləri vasitəsilə ixrac olunur.
bp bildirib ki, 2026-cı ilin ilk yarısında Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər əhəmiyyətli irəliləyiş əldə edib və əsas tikinti mərhələsindən istismara hazırlıq mərhələsinə keçid başlayıb.
"Layihənin birinci mərhələsi üçün nəzərdə tutulan əsas avadanlıqların böyük hissəsi tikinti sahəsinə çatdırılıb və onların quraşdırılması plan üzrə davam edir. Ətraflı istismara hazırlıq planı icra olunur və 2026-cı ilin üçüncü rübündə ilk dəfə elektrik enerjisinin verilməsi nəzərdə tutulur. Bundan əvvəl layihənin istismara verilməyə hazır olduğunu təsdiqləyən əsas texniki qiymətləndirmələr uğurla başa çatdırılıb. Terminaldan kənarda “Azərenerji” tərəfindən inşa edilən yeni enerji obyektlərinin tikintisi və sınaqları da böyük ölçüdə tamamlanıb. Elektrik şəbəkəsi infrastrukturu ilə Səngəçal terminalının inteqrasiya olunmuş sınaqlarının mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır", – deyə bp qeyd edib.
Şirkətin məlumatına görə, layihənin icrasının birinci mərhələsinin 2027-ci ilin ortalarında, ikinci mərhələsinin isə 2028-ci ilin sonunadək tamamlanması gözlənilir.
bp bildirib ki, 230 milyon ABŞ dolları dəyərində olan STEL layihəsi çərçivəsində Səngəçal terminalı “Azərenerji”nin idarə etdiyi milli elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün həm terminalın daxilində, həm də kənarında yeni enerji infrastrukturu, o cümlədən 220/110 kV-luq yeni yarımstansiya tikilir.
Şirkət qeyd edib ki, STEL layihəsi Cəbrayılda inşa olunan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası ilə sıx əlaqəlidir. Layihələr "virtual elektrik ötürülməsi" mexanizmi əsasında həyata keçiriləcək. Bu modelə əsasən, “Şəfəq” stansiyası istehsal etdiyi elektrik enerjisini Cəbrayıl rayonunda “Azərenerji”yə ötürəcək, əvəzində isə “Azərenerji” eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığındakı Səngəçal terminalına çatdıracaq.
bp-nin qiymətləndirməsinə görə, Şəfəq və STEL layihələrinin birlikdə həyata keçirilməsi Səngəçal terminalının istismar dövrü ərzində əməliyyat emissiyalarını mövcud planlar əsasında təxminən 50% azaltmağa imkan verəcək.
Hazırda terminal elektrik enerjisini təmin etmək üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirmə layihəsi tamamlandıqdan sonra bu turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq və onlarda istifadə olunan yanacaq qazı ixrac üçün yönəldiləcək.