Bakı. Trend:
2026-cı ilin ilk yarısında Cəbrayıl rayonunda həyata keçirilən "Şəfəq" günəş layihəsi üzrə tikinti işləri plan üzrə davam edib.
Bu barədə bp-nin son hesabatında bildirilib.
Şirkətin məlumatına görə, fotovoltaik panellər və konstruksiya elementləri də daxil olmaqla əsas avadanlıqların satınalma və tikinti sahəsinə çatdırılması uğurla başa çatdırılıb. Eyni zamanda, dayaqların vurulması və günəş panellərinin izləmə sistemlərinin (tracker) quraşdırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Hesabatda qeyd olunub ki, elektrik avadanlıqlarının ilk partiyaları artıq tikinti sahəsinə çatdırılıb və bu, yaxın həftələrdə elektrik quraşdırma işlərinə başlanmasına imkan verəcək.
bp xatırladıb ki, layihə bu ilin aprel ayının əvvəlində tikinti sahəsində ilk günəş panelinin uğurla quraşdırılması ilə mühüm mərhələyə qədəm qoyub.
Şirkətin məlumatına görə, layihədə çalışan yerli işçilərin sayı artmaqda davam edir. Hazırda tikinti işlərində 420 nəfər çalışır ki, onların da 150-si işğaldan azad edilmiş ərazilərin sakinləridir.
Qeyd olunub ki, tikinti işlərinin pik mərhələsində layihə çərçivəsində 700-dən çox yeni iş yerinin yaradılması gözlənilir. Artan işçi qüvvəsini yerləşdirmək məqsədilə mövcud yaşayış düşərgəsinin genişləndirilməsi işləri də aparılır.
bp bildirib ki, layihədə ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Bu çərçivədə bitki örtüyünün təmizlənməsi prosesi daim monitorinq olunur, həmçinin vəhşi heyvanların təhlükəsiz köçürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq həyata keçirilir.
Şirkətin məlumatına əsasən, "Şəfəq" layihəsi üzrə tikinti işlərinin 2027-ci ilin ortalarınadək davam etməsi planlaşdırılır.
Xatırladaq ki, 200 milyon ABŞ dolları dəyərində olan "Şəfəq" (Cəbrayıl) Günəş Elektrik Stansiyası layihəsi 2025-ci ilin iyun ayında təsdiqlənib. Layihə çərçivəsində Cəbrayıl rayonunda 240 MVt AC gücündə yeni günəş elektrik stansiyası tikilir.
Layihə Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual elektrik ötürülməsi" mexanizmi vasitəsilə əlaqələndirilib. Bu model əsasında Səngəçal terminalı "Azərenerji" tərəfindən idarə olunan milli elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminalın daxilində və xaricində yeni enerji infrastrukturu, o cümlədən 220/110 kV-luq yeni yarımstansiya inşa edilir.
bp-nin qiymətləndirməsinə görə, "Şəfəq" və STEL layihələrinin birlikdə həyata keçirilməsi Səngəçal terminalının gələcək istismar dövründə əməliyyat emissiyalarının təxminən 50% azalmasına imkan verəcək.
Terminalın elektrikləşdirilməsindən sonra hazırda enerji istehsalı üçün istifadə olunan yeddi qaz turbini mərhələli şəkildə istismardan çıxarılacaq və bunun nəticəsində sərf olunan yanacaq qazı ixraca yönəldiləcək.
Hazırda "Shafag Jabrayil Solar Limited" (SJSL) şirkətində pay bölgüsü belədir: bp – 40,01%, SOCAR Green – 39,99%, Azərbaycan Biznesin İnkişafı Fondu – 10%, MVM – 10%.