Bakı. Trend:
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın rəhbərliyində mövqeyinin zəiflədiyi bir vaxtda çərşənbə günü Rabat yaxınlığındakı Sale şəhərində yerləşən Məhəmməd VI Futbol Kompleksində yaxın ətrafı ilə böhran iclası keçirib.
The Times qəzetinin yaydığı məlumata görə, İnfantino bu görüş zamanı Mərakeşə 2030-cu il FIFA Dünya Kubokunun final oyununu keçirmək vədi verib. Qeyd olunur ki, Mərakeş bu hüquq uğrunda İspaniya ilə rəqabət aparır. İspaniya finalın Madriddəki Santyaqo Bernabeu stadionunda keçirilməsini istəyir.
The Times yazır ki, 2016-cı ildə FIFA prezidenti seçildiyi vaxtdan Mərakeşin dəstəyini alan İnfantino indi Mərakeş Kral Futbol Federasiyasının prezidenti Fuzi Ləkcadan açıq siyasi dəstək gözləyir. Əvəzində isə finalın Kasablankada tikintisi davam edən və 115 min tamaşaçı tutumuna malik II Həsən stadionunda keçirilməsini dəstəkləyəcəyini bildirib. Stadionun 2027-ci ilin dekabrına qədər istifadəyə verilməsi planlaşdırılır.
Lakin bu məlumat qısa müddət sonra FIFA tərəfindən təkzib edilib. Təşkilat İspaniyanın EFE agentliyinə açıqlamasında bu iddianı "yanlış və çaşdırıcı" adlandıraraq bildirib ki, İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatının final oyununun harada keçiriləcəyi barədə qərar "müvafiq vaxtda" qəbul ediləcək. Turnirin qrup mərhələsinin üç oyunu isə Uruqvay, Paraqvay və Argentinada təşkil olunacaq.