Bakı. Trend:
QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem yaradılır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu barədə Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilən “QHT sektorunda rəqəmsallaşma və innovasiyalar” mövzusunda dəyirmi masada bildirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə elektron hökumət informasiya sisteminin təkmilləşdirilməsi, elektron iştirakçılıq alt-sisteminin yaradılması və QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün “bir pəncərə” prinsipi əsasında vahid platformanın formalaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, rəqəmsallaşma artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əsas istiqamətlərindən biridir.
Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, rəqəmsal texnologiyalar və süni intellektdən səmərəli istifadə edən qeyri-hökumət təşkilatları daha çevik idarəetmə modelinə malik olur, cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. O bildirib ki, süni intellekt layihələrin hazırlanması və informasiya əldə olunması üçün yardımçı vasitə kimi istifadə oluna bilər, lakin peşəkar yanaşma hər zaman əsas şərt olaraq qalır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı isə bildirib ki, hazırda “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Yeni sistem QHT-lərin dövlət dəstəyi ilə bağlı müraciət, qiymətləndirmə, maliyyələşdirmə, icra, monitorinq və hesabatlılıq proseslərinin tam elektron mühitdə həyata keçirilməsinə imkan verəcək. Bununla da dövlət tərəfindən maliyyələşdirmə sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq.
Onun sözlərinə görə, sistem digər dövlət informasiya resursları ilə inteqrasiya ediləcək, qrant müqavilələrinin qeydiyyatı və bununla bağlı bildirişlərin elektron qaydada təqdim olunması təmin ediləcək ki, bu da kağız sənəd dövriyyəsinin aradan qaldırılmasına imkan verəcək. Eyni zamanda layihələrin ekspertizasında plagiatın müəyyənləşdirilməsi və digər proseslərdə süni intellekt həllərindən istifadə nəzərdə tutulur.
Tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, QHT-lərin rəqəmsal mediada fəallığı artsa da, internet resurslarının inkişaf etdirilməsi istiqamətində görüləcək işlər qalır. O, təşkilatların rəqəmsal platformalardan istifadəsinin genişləndirilməsi və bu sahədə maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev isə qeyd edib ki, rəqəmsal transformasiya texnologiyanı deyil, insanı və vətəndaş cəmiyyətinin təsir imkanlarını mərkəzə çıxarmalıdır. O, QHT-lər arasında birgə rəqəmsal layihələrin artırılmasının, beynəlxalq platformalarda görünürlüyün gücləndirilməsinin və rəqəmsal məlumat bazalarının daha səmərəli istifadəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Müzakirələrdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, elektron iştirakçılıq mexanizmləri, kibertəhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları və dövlət-QHT-özəl sektor əməkdaşlığının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.













