Bakı.Trend:
Pakistan Cammu və Kəşmir sakinlərinə siyasi, diplomatik və mənəvi dəstəyini, həmçinin bu məsələni beynəlxalq platformalarda qaldırmağı davam etdirəcək.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdarinin Bakıda Pakistan səfirliyində İstismar Günü (Youm-e-Istehsal) münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı diplomatik missiyası rəhbərinin müavini Sara İcaz tərəfindən səsləndirilən müraciətində bildirilib.
"Pakistan Hindistan tərəfindən qanunsuz işğal edilmiş Cammu və Kəşmir xalqına mənəvi, siyasi və diplomatik dəstəyində sarsılmaz olaraq qalır. Cammu və Kəşmir ətrafındakı mübahisə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının iradəsinə uyğun şəkildə həll olunana qədər bu məsələni bütün beynəlxalq platformalarda qaldırmağa davam edəcəyik", – müraciətdə deyilir.
Prezidentin müraciətdə həmçinin qeyd olunur ki, Pakistan Hindistanın 5 avqust 2019-cu ildə Cammu və Kəşmirin xüsusi konstitusion statusunu ləğv etmək qərarını birtərəfli və qanunsuz addım kimi qiymətləndirir.
Prezidentin sözlərinə görə, bu tədbirlər ərazinin beynəlxalq səviyyədə tanınmış hüquqi statusunu dəyişməyib. O, beynəlxalq ictimaiyyəti, o cümlədən Birləşmiş Millətlər Təşkilatını məsələnin sülh yolu ilə həlli istiqamətində səyləri gücləndirməyə çağırıb.
"Cənubi Asiyada ədalətli və davamlı sülh Cammu və Kəşmir mübahisəsinin dinc yolla həlli ilə sıx bağlıdır", – müraciətdə vurğulanır.
Səfirlikdə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, akademik dairələrin üzvləri, vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələri iştirak ediblər.