Bakı.Trend:
Türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı Nobel mükafatı laureatı Nassim Nikolas Talebin Ruben Vardanyanla bağlı mövqeyini tənqid edib. Onun fikrincə, keçmiş sahibkar və xeyriyyəçi kimi təqdim olunan Vardanyanın ictimai imici fəaliyyətinin bütün tərəflərini əks etdirmir.
Artıq 43 ildir ABŞ-də yaşayan Kirlikovalı qabaqcıl materiallar və mühəndislik texnologiyaları sahəsindəki işləri ilə tanınır. O, ABŞ-nin müdafiə və aerokosmik sənayesində tətbiq olunan xüsusi materiallar və örtüklərin müəllifidir. Onun tədqiqatları möhkəmlik və elastikliyi özündə birləşdirən yüksək dayanıqlı kompozit materialların hazırlanması ilə bağlıdır.
Kırlıkovalı Talebə ünvanladığı açıq məktubda yazıçının "X" sosial şəbəkəsində Ruben Vardanyan həbsdə qaldığı müddətdə Bakıda çıxış etməkdən imtina etdiyini bildirməsinə münasibət bildirib.
""X" sosial şəbəkəsində Ruben Vardanyan həbsdə qaldığı müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyiniz barədə son ictimai bəyanatınızla əlaqədar sizə müraciət edirəm", – deyə Kırlıkovalı yazıb.
Onun sözlərinə görə, əsərləri maliyyə riskləri, sistem zəiflikləri və yanlış təsəvvürlərin təhlilinə həsr olunan Taleb Vardanyanın fəaliyyətini qiymətləndirərkən də eyni analitik yanaşmanı tətbiq etməlidir.
Kırlıkovalı bildirib ki, onun fikrincə, Vardanyanın xeyriyyəçi obrazı maliyyə və siyasi fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlar və qiymətləndirmələrlə birlikdə nəzərdən keçirilməlidir. O, xüsusilə "Troika Dialog" bankı və "Troika Laundromat" adlandırılan sxemlə bağlı araşdırmaları xatırladaraq, bu şəbəkənin mürəkkəb ofşor maliyyə mexanizmləri ilə əlaqəli olduğunu iddia edib.
Tədqiqatçı məktubunda Vardanyanla bağlı beynəlxalq məhdudiyyətlərə və qiymətləndirmələrə də toxunaraq, onun fəaliyyətinin daha geniş geosiyasi nəticələr doğurduğunu bildirib. O, Vardanyanın 2022-ci ildə Qarabağa gəlişindən sonra bölgədə baş verən hadisələrdə rolunu və sonradan həbs olunmasını qeyd edib.
Vardanyan 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin hökmü ilə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması da daxil olmaqla bir sıra ittihamlar üzrə 20 il müddətinə azadlıqdan məhrum edilib. Vardanyan isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Kırlıkovalı məktubunda Qarabağ münaqişəsinin Azərbaycan əhalisi üçün doğurduğu nəticələrə kifayət qədər diqqət yetirilməməsini də tənqid edib. O, münaqişə zamanı azərbaycanlıların məcburi köçkün düşməsini və Xocalı faciəsini xatırladaraq, davamlı sülhə nail olmaq üçün məsuliyyət və qanunun aliliyinə riayət olunmasının vacibliyini vurğulayıb.
"Həqiqi humanizm əzabları hesabına fayda əldə edən nüfuzlu maliyyəçilərin deyil, məcburi köçün və təcavüzün qurbanlarının yanında olmağı tələb edir", – deyə Kırlıkovalı yazıb.
O, Talebi ictimai mövqeyinə yenidən baxmağa və məktub müəllifinin qeyd etdiyi kimi, Vardanyanın fəaliyyəti və ictimai imicinə tənqidi-analitik yanaşma tətbiq etməyə çağırıb.



