Bakı. Trend:
Bosniya və Herseqovina, Sinqapur vətəndaşlarına Azərbaycana vizasız giriş imkanı yaradılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 2026-cı il avqustun 1-dən 2027-ci il avqustun 1-dək Azərbaycan Respublikasına turizm məqsədilə səfərlər zamanı viza tələbi ləğv edilib.
Məlumata əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız səfər edə və hər səfər zamanı ölkədə 30 günədək qala biləcəklər.
Bildirilib ki, turizm məqsədindən fərqli səbəblərlə ölkəyə gəlmək və ya daha uzun müddət qalmaq istəyən Bosniya və Herseqovina və Sinqapur vətəndaşları qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq viza aldıqdan sonra Azərbaycana daxil ola bilərlər.
Dövlət Miqrasiya Xidməti xatırladıb ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti qalan əcnəbilər Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğu halda isə əcnəbilər müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə və ya Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlər sistemi üzərindən müraciət edə bilərlər.