Bakı. Trend:
İspaniyanın "Real Madrid" klubu ilə Almaniyanın "RB Leypsiq" komandası arasında aparılan növbəti danışıqlardan sonra Kot-d'İvuar milli komandasının vingeri Yan Diomandın transferi ilə bağlı yekun razılıq hələ də əldə olunmayıb. Bu barədə Almaniyanın nüfuzlu Bild nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "RB Leypsiq" "Real Madrid"in futbolçu üçün etdiyi 100 milyon avro və 115 milyon avro məbləğində iki təklifi geri çevirib. Bildirilir ki, Almaniya klubu hazırda 120 milyon avro zəmanətli ödəniş və bonuslarla birlikdə məbləğin 135 milyon avroya çatmasını tələb edir.
Bundan əvvəl tanınmış transfer insayderi Fabrizio Romano Yan Diomandın Madrid təmsilçisinin yeni futbolçusu olacağını bildirmişdi. Onun sözlərinə görə, transferin dəyəri 100 milyon avronu ötəcək.
Yan Diomand 2025-ci ildən "RB Leypsiq"in formasını geyinir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir. Onun Almaniya klubu ilə qüvvədə olan müqaviləsinin başa çatmasına daha dörd il qalır.
Son dünya çempionatında Yan Diomand dörd oyunda iştirak edib və bir məhsuldar ötürmə müəllifi olub.