Bakı.Trend:
Azərbaycanda lokal ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə göstəriciləri açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış lokal kartlardan istifadə etməklə 65,5 min əməliyyat həyata keçirilib. Qeyd olunur ki, bu əməliyyatların ümumi həcmi 69,31 milyon manatı ötüb.
Bankın məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə lokal ödəniş kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 12,3 mindən çox və ya 23,1 faiz, əməliyyatların həcmi isə 14,22 milyon manatdan çox və ya 25,8 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyunun sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.