Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Asiya və Sakit okean regionu ölkələrində iqtisadi araşdırmalarla bağlı layihəni işə salıb.
Bu barədə Asiya İnkişaf Bankının rəsmi saytında dərc olunan mətndə qeyd edilib.
Bankın məlumatına görə, layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, Hindistan, Çin, İndoneziya, Vyetnam, Tailand, Filippin, Pakistan və digər dövlətlər də daxil olmaqla Asiya və Sakit okean regionunun 44 ölkəsini əhatə edir.
"Maliyyələşdirmə Texniki Yardım üzrə Xüsusi Fond (Technical Assistance Special Fund) hesabına həyata keçiriləcək və layihə üçün 900 min ABŞ dolları vəsait ayrılıb.
Təşəbbüs iştirakçı ölkələrdə daha əsaslandırılmış və inklüziv dövlət siyasətinin formalaşdırılmasına töhfə verəcək iqtisadi diaqnostik araşdırmaların hazırlanmasına yönəlib", – deyə bank qeyd edib.
AİB-in məlumatına əsasən, layihənin dolayı benefisiarları aztəminatlı, sosial cəhətdən həssas və əlverişsiz vəziyyətdə olan qruplar da daxil olmaqla, əhalinin geniş təbəqələri olacaq. Gözlənilir ki, tədqiqatların nəticələrindən istifadə qərarların qəbulunun keyfiyyətini yüksəldəcək, bu isə yeni iş yerlərinin yaradılmasına, dövlət xidmətlərinin yaxşılaşdırılmasına və daha inklüziv iqtisadi artımın təmin edilməsinə şərait yaradacaq.