Bakı. Trend:
24-26 iyul tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qırğızıstanın İssık-Kul vilayətində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Qırğızıstanda yaşayan türk xalqlarının gənclərinin II Yay Düşərgəsi təşkil edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Açılış mərasimində Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədr müavini Meder Karıbayev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov və komitənin əməkdaşı Rəşad Məmmədov, Qırğızıstan Xalqı Assambleyası Şurası Aparatının rəhbəri Tilek Urkunçiyev, Qırğızıstanda fəaliyyət göstərən “Birlik” Azərbaycanlılar İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev, eləcə də Qırğızıstan, Qazaxıstan və Özbəkistandan olan milli-mədəni birliklərin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Bildirilib ki, layihənin əsas məqsədi millətlərarası dialoqun möhkəmləndirilməsi, gənclər arasında əməkdaşlığın genişləndirilməsi, ümumtürk dəyərlərinin təbliği, mədəni-humanitar əlaqələrin inkişafına töhfə vermək və yeni təşəbbüslərin formalaşdırılması üçün əlverişli mühit yaratmaq olub.
Rəsmi açılış zamanı qonaqlar Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi-mədəni birliyinin möhkəmləndirilməsində oynadığı tarixi roldan bəhs edib, bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. Mərasim çərçivəsində Qırğızıstanın, Azərbaycanın və Birinci Türkoloji Qurultayın tarixinə həsr olunan videoçarxlar nümayiş etdirilib.
Proqram çərçivəsində türk xalqlarının tarixi və mədəniyyəti, liderlik bacarıqlarının inkişafı, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri mövzularında maarifləndirici mühazirələr, interaktiv seminarlar, intellektual yarışlar, komanda oyunları, idman fəaliyyətləri və "Rux Ordo" Mədəniyyət Mərkəzinə ekskursiya təşkil olunub. Gənclər tematik qruplar üzrə çalışaraq fikir və təcrübə mübadiləsi aparıb, müxtəlif təşəbbüslər irəli sürüb, proqramın sonunda isə sertifikatlarla təltif ediliblər.
Bağlanış mərasimində fərqlənən iştirakçılar və təşkilatçılar mükafatlandırılıb. Proqram Türk dünyası gəncləri arasında dostluğun, həmrəyliyin və davamlı əməkdaşlığın rəmzinə çevrilən ənənəvi vida tonqalı ilə yekunlaşıb.
Təşkilatçılar bu təşəbbüsün gələcək illərdə də davam etdirilməsi Türk dünyası gəncləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, ortaq tarixi-mədəni irsin qorunmasına, mədəniyyətlərarası dialoqun genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.








