Bakı. Trend:
Qlobal geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi müasir dövrdə Mərkəzi Asiya Avrasiya məkanının ən dinamik və strateji əhəmiyyətə malik regionlarından birinə çevrilib. Nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, ticarət əlaqələrinin genişləndirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsi fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq da keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bu kontekstdə iyulun 30-31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı yalnız diplomatik hadisə deyil, həm də ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı regional əməkdaşlıq formatının yeni məzmun qazanmasını, Xəzər hövzəsində və Orta Dəhliz boyunca siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsini şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşünün əhəmiyyətinə və platformanın əsas xüsusiyyətlərinə qısa nəzər salaq.
Mərkəzi Asiyada yeni əməkdaşlıq platforması
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü son illərdə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət qazanan dialoq platformalarından biridir. Bu format Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın koordinasiyasına xidmət etməklə yanaşı, regionla sıx siyasi, iqtisadi və nəqliyyat əlaqələrinə malik Azərbaycanın da proseslərdə daha fəal rol almasına imkan yaradır. Xüsusilə Avrasiya məkanında geoiqtisadi rəqabətin gücləndiyi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın sözügedən platformada iştirakı ölkənin regional siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. Platformanın yaradılmasında əsas məqsəd isə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun institusional əsasda inkişaf etdirilməsi, ortaq problemlərin birgə müzakirəsi və regional əməkdaşlığın gücləndirilməsi olub. İndiyədək keçirilən yeddi görüş göstərib ki, bu format artıq yalnız məsləhətləşmə mexanizmi deyil, həm də regionun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi mühüm siyasi platformadır.
Azərbaycanın tamhüquqlu iştirakı regional əməkdaşlığa yeni məzmun qazandırır
Azərbaycanın prosesə cəlb olunması mərhələli şəkildə baş verib. Belə ki, 2023-cü ildə Tacikistanın Düşənbə şəhərində keçirilən V Məşvərət Görüşündə Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə verilən yüksək siyasi qiymətin ifadəsi idi. Həmin görüşdə dövlətimizin başçısının çıxışı Azərbaycanın regionla uzunmüddətli əməkdaşlıq strategiyasını, xüsusilə nəqliyyat, enerji və iqtisadi inteqrasiya sahələrində ortaq maraqlarını nümayiş etdirdi. Bu iştirak sonradan Azərbaycanın platformaya tamhüquqlu üzv kimi qoşulmasının siyasi əsaslarını formalaşdırdı.
Prosesin məntiqi davamı olaraq 2025-ci il noyabrın 16-da Özbəkistanın Daşkənd şəhərində keçirilən VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakına dair qərar qəbul edildi. Bu qərar yalnız Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli münasibətlərinə verilən qiymət deyil, həm də ölkəmizin Avrasiya nəqliyyat-kommunikasiya sistemində oynadığı strateji rolun beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi. Əslində, bu addım Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı regionun ayrılmaz tərəfdaşı kimi qəbul etdiyini nümayiş etdirdi.
Azərbaycanın tamhüquqlu iştirakı ilə indiyədək “C5” kimi tanınan əməkdaşlıq formatı faktiki olaraq “C6” xarakteri aldı. Bu dəyişiklik regional əməkdaşlığın coğrafiyasının genişlənməsi və yeni strateji məzmun qazanması deməkdir. Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən, Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas tranzit ölkə kimi regionun iqtisadi və nəqliyyat inteqrasiyasına əlavə dəyər gətirir. Bu baxımdan C6 formatı Avrasiyanın nəqliyyat və ticarət xəritəsində yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.
Məşvərət Görüşünün gündəliyində strateji əməkdaşlıq məsələləri
Məşvərət görüşlərinin gündəliyində regionun inkişafı baxımından çox mühüm məsələlər yer alır. Burada siyasi münasibətlərin inkişafı, Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, enerji layihələrinin həyata keçirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və humanitar əməkdaşlıq kimi məsələlər müzakirə olunur. Mövzuların hər biri regionun dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət daşıyır və dövlət başçıları arasında qəbul olunan qərarlar gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Bununla yanaşı, Məşvərət Görüşü çərçivəsində keçirilən ikitərəfli görüşlər də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu görüşlər zamanı müxtəlif sahələr üzrə yeni sazişlər, memorandumlar və investisiya layihələri razılaşdırılır. Təcrübə göstərir ki, çoxtərəfli platformalar ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli siyasi mühit yaradır, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın praktiki nəticələr verməsinə xidmət edir.
Azərbaycanın platformadakı rolunu şərtləndirən əsas amillərdən biri ölkənin Avropa ilə Mərkəzi Asiya arasında etibarlı tranzit körpüsü funksiyasını yerinə yetirməsidir. Xüsusilə Orta Dəhlizin inkişafı son illərdə həm regional, həm də qlobal iqtisadi gündəliyin əsas mövzularından birinə çevrilib. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər dənizində formalaşdırdığı logistika imkanları Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm rol oynayır. Bu səbəbdən Orta Dəhlizin inkişafı Məşvərət Görüşünün əsas prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni inkişaf mərhələsində
Əməkdaşlığın əhəmiyyəti yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır. Son illər Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, ortaq mədəni və humanitar layihələrin həyata keçirilməsi, təhsil, elm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi də Məşvərət Görüşünün gündəliyində mühüm yer tutur. Bu isə platformanın tədricən çoxtərəfli regional əməkdaşlığın kompleks mexanizminə çevrildiyini göstərir.
Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü siyasi dialoq platforması olmaqla yanaşı, həm də Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq modelinin formalaşmasına töhfə verən mühüm mexanizmdir. Azərbaycanın platformada tamhüquqlu iştirakı isə ölkənin Mərkəzi Asiya siyasətinin institusional əsaslarını daha da möhkəmləndirir, regional nəqliyyat və enerji layihələrində rolunu artırır, eyni zamanda, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstanda keçirilən Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu növbəti dəfə təsdiqləyir.