Xocavənd. Trend:
Hazırda Xocavənd rayonunda 24 yaşayış məntəqəsində bərpa və təmir işləri davam edir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva Trend-in Qarabağ bürosuna müsahibəsində bildirib ki, Xocavənd şəhərində bərpa və əsaslı təmir işləri aparılır.
Onun sözlərinə görə, artıq Xocavənd şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələri, həmçinin Sos, Xanoba, Xocavənd, Quzeyxırman və Güneyxırman kəndlərinə sakinlərin mərhələli köçü təmin edilib. Hazırda həmin yaşayış məntəqələrində ümumilikdə 919 ailə, 3 775 nəfər yaşayır.
Təranə Quliyeva qeyd edib ki, həyata keçirilən layihələr çərçivəsində yaşayış məntəqələrində müasir mühəndis-kommunikasiya infrastrukturu yaradılır, fərdi yaşayış evləri və sosial təyinatlı obyektlər inşa olunur.
Bildirilib ki, görülən işlər keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıdışının təmin edilməsinə, eyni zamanda Xocavənd rayonunun sosial-iqtisadi inkişafına xidmət edir.