Bakı. Trend:
Fransanın Jirond departamentində davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən hüquq-mühafizə qüvvələrinin böyük hissəsi həmin bölgəyə cəlb olunduğundan, prefektura Tour de France 2026 veloturunun bazar günü keçiriləcək son mərhələsinin marşrutunu dəyişmək qərarına gəlib.
Yarış təşkilatçılarının yaydığı məlumata görə, son mərhələ əvvəlcədən planlaşdırıldığı kimi Yvelin departamentindəki Tuari (Thoiry) qəsəbəsindən başlayaraq Parisdəki Yelisey çöllərində (Champs-Élysées) başa çatacaq. Lakin Yvelində velosipedçilər yalnız komandaların ənənəvi təqdimat mərasimində iştirak edəcəklər. Daha sonra onlar avtobuslarla start xəttinə aparılacaq və yarışın rəsmi startı yerli vaxtla saat 17:50-də veriləcək.
Təşkilatçılar bildiriblər ki, marşrutun dəyişdirilməsində məqsəd son mərhələnin təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən ayrılmış daxili təhlükəsizlik qüvvələrinin bir hissəsini meşə yanğınlarından zərər çəkmiş ərazilərə yönləndirməkdir. Çərşənbə günündən etibarən Fransanın cənub-qərbində 167 min nəfər təxliyə edilib.
Əvvəlcə 133 kilometr nəzərdə tutulan son mərhələnin məsafəsi 89 kilometrə endirilib. Bununla belə, velosipedçilər Yelisey çölləri dövrəsini əvvəl planlaşdırılan üç deyil, beş dəfə keçəcəklər. Əvvəlki yarışda azarkeşlərin böyük marağına səbəb olan Monmartr təpəsinə üç qalxış da proqramda saxlanılıb.
2025-ci ildə belçikalı Vaut van Aertə uduzan və Monmartra üçüncü qalxış zamanı rəqibinin hücumuna tab gətirə bilməyən sarı mayka sahibi Tadey Poqaçar bu il Paris mərhələsində qələbə qazanmaq üçün növbəti şans əldə edəcək. Mütəxəssislərin fikrincə, qısa, lakin dik yoxuşlar sprinterlərin qələbə ümidlərini demək olar ki, aradan qaldırır.