Bakı. Trend:
Son günlər bəzi informasiya resurslarında və sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən və universitetimizin nüfuzuna kölgə salmağa yönəlmiş paylaşımlar yayımlanır.
Bu barədə Bakı Qızlar Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin universitetin sosial media hesabında yaydığı açıqlamada qeyd edilib.
Məlumatda bildirilib ki, 1992-ci ildən fəaliyyət göstərən, üç onillikdən artıq bir dövr ərzində minlərlə məzun yetişdirən, ölkəmizin elm, təhsil və ictimai həyatına dəyərli töhfələr vermiş yalnız qızların ali təhsil aldığı müəssisədir.
"Universitetimiz fəaliyyətini hər zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, dövlətin təhsil siyasətinə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qurub. Azərbaycan maarifçilik tarixində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızların təhsilinə verdiyi böyük dəstək, ilk müsəlman qız məktəbinin yaradılması ilə başlanan nəcib ənənə bu gün də yaşayır. Bakı Qızlar Universiteti həmin maarifçilik yolunun müasir dövrdə də davam etdirilməsinə öz töhfəsini verir. Məzunlarımız arasında məktəb direktorları, uşaq bağçalarının rəhbərləri, psixologiya mərkəzlərinin təsisçiləri və rəhbərləri, ali və ümumi təhsil müəssisələrinin müəllimləri, dövlət və özəl sektorda çalışan mütəxəssislər, elm adamları və müxtəlif peşə sahibləri var. Qızlar üçün ayrıca ali təhsil müəssisələrinin mövcudluğu dünyada nadir hal deyil. Yaponiya, Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Pakistan, Hindistan və digər ölkələrdə qadınların ali təhsilinə xidmət edən nüfuzlu qızlar universitetləri uzun illərdir uğurla fəaliyyət göstərir və cəmiyyətin inkişafında mühüm rol oynayır".
Qeyd olunub ki, Bakı Qızlar Universitetinin formalaşdırdığı təcrübə region ölkələrinin də diqqətini cəlb edib, müxtəlif ölkələrin nümayəndələri( Türkiyə, Belarusiya, Qazaxıstan) universitetimizin fəaliyyəti ilə yaxından maraqlanıb, qadın təhsili sahəsindəki modelimizi öyrənib və bu istiqamətdə əməkdaşlıq əlaqələri qurublar. Bu, universitetimizin gördüyü işin dəyərinin və əhəmiyyətinin göstəricilərindən biridir.
"Biz hesab edirik ki, hər bir ali təhsil müəssisəsinin fəaliyyəti barədə fikir yürüdərkən yalnız rəsmi məlumatlara, obyektiv faktlara və peşəkar yanaşmaya əsaslanmaq lazımdır. Təhsil müəssisələrinin nüfuzuna xələl gətirən əsassız məlumatlar nə təhsilin inkişafına, nə də cəmiyyətin sağlam informasiya mühitinə xidmət edir.
İnanırıq ki, Azərbaycan cəmiyyəti maarifçilik ənənələrinə, qadın təhsilinin inkişafına və bu yolda xidmət göstərən elm ocaqlarına hər zaman yüksək dəyər verməyə davam edəcək".