Çolpon-Ata. Trend:
Əzəmətli dağların qoynunda qədim köçəri ənənələrinin yaşadıldığı füsunkar Kırçın dərəsində qırğız xalqının qeyri-maddi mədəni irsinin ən mühüm nümunələrindən biri olan salbuurun xüsusi yer tutur. Bu unikal ovçuluq mədəniyyəti şahinçilik sənətini, ov itləri ilə ovu və ənənəvi oxatma bacarığını özündə birləşdirir.
Məhz burada media-tur çərçivəsində Qırğızıstana səfər edən Azərbaycan KİV nümayəndələri ölkənin qeyri-maddi mədəni irsinin ən parlaq elementlərindən biri ilə tanış olublar. Salbuurun Federasiyasının təsisçisi və prezidenti Almaz Akunov bu ənənənin bərpası prosesi barədə Trend-in xüsusi müxbirinə ətraflı məlumat verib.
Onun sözlərinə görə, salbuurun sözün adi mənasında sadəcə ovçuluq deyil. Köçəri xalqlar üçün bu, əsrlər boyu həyat tərzi, sağ qalmaq vasitəsi, ailəni və təsərrüfatı qorumaq üsulu, eyni zamanda mənəvi və mədəni ənənələrin ayrılmaz hissəsi olub.
"Salbuurun yırtıcı quşlar, ov itləri və ənənəvi ox-yayın kompleks şəkildə istifadəsinə əsaslanan qədim köçəri ovçuluq mədəniyyətidir. Vaxtilə bu, sadəcə peşə deyil, həm də sağ qalmaq, ailəni və yurdu qorumaq vasitəsi idi. Bu ənənə nəsildən-nəslə ötürülsə də, zaman keçdikcə unudulmağa başladı. Biz 2006-cı ildə onun yenidən dirçəldilməsinə başladıq. Mən özüm sərbəst güləş üzrə idman ustası olmuşam. Federasiyanın yaradılması sayəsində bu kompleks ovçuluq mədəniyyətini yenidən bərpa edərək milli idman növünə çevirməyə nail olduq", – deyə Akunov bildirib.
Bu gün Kırçın dərəsi qədim ənənələrin yenidən canlandırıldığı əsas məkanlardan birinə çevrilib. Məhz burada gənclər qədim adətləri yalnız izləmək deyil, həm də onların bir hissəsinə çevrilmək imkanı əldə edirlər.
"Bu məkan gənclərin ənənəvi biliklərə və mədəni irsə marağının artmasına böyük töhfə verir. Bu gün Qırğızıstanın hər yerində ənənəvi ovçuluq növləri təbliğ olunur. Lakin ovçuluq anlayışı, ilk növbədə, mədəniyyət və ənənənin bir hissəsi kimi qəbul edilməlidir", – deyə o vurğulayıb.
Akunovun sözlərinə görə, son illərdə bir vaxtlar demək olar ki, yox olmaq təhlükəsi ilə üzləşmiş bir neçə milli idman növünü yenidən dirçəltmək mümkün olub.
"Biz bir neçə ənənəvi qırğız idman növünü bərpa etməyə nail olmuşuq. Bununla yanaşı, şahinçilik məktəblərini də yenidən başlatmışıq. Burada gənclər yırtıcı quşların saxlanılması, təlimi və onlardan həm idman yarışlarında, həm də qanunla icazə verilən ov zamanı istifadə qaydalarını öyrənirlər", – deyə o bildirib.
Media-tur iştirakçılarının ən çox maraq göstərdiyi məqamlardan biri də şahinlər və berkutlar olub.
Lakin yırtıcı quşların saxlanılması gündəlik zəhmət və tam fədakarlıq tələb edir.
"Yırtıcı quşlar hər gün məşq etdirilməlidir. Əks halda onlar hərəkət və ov bacarıqlarını itirirlər. Buna görə də onlarla ilboyu məşğul oluruq. Bu həyat tərzi gənclərdə də intizam formalaşdırır. Atlara qulluq etmək, itləri və quşları yemləmək, ənənəvi oxatma üzrə məşq keçmək lazımdır. Belə olduqda, mənasız vaxt keçirməyə demək olar ki, vaxt qalmır", – deyə Akunov bildirib.
Qədim ənənələri dirçəltməklə Federasiya yalnız mədəni irsin qorunmasına deyil, həm də müasir milli idmanın inkişafına xüsusi önəm verir.
"Bu həm milli idman növüdür, həm də mədəni irsimizin mühüm hissəsidir. Biz yırtıcı quşların sürət və dəqiqliyinin, berkutların bacarığının, eləcə də ənənəvi oxatma ustalığının qiymətləndirildiyi yarışlar keçiririk. Bütün bunlar vaxtilə köçərilərin gündəlik həyatında zəruri olan praktik bacarıqlara əsaslanır", – deyə Almaz Akunov vurğulayıb.
Bu gün salbuurun yenidən nəsillər arasında bağın rəmzinə çevrilir. Kırçın dağlarının qoynundan yaxın keçmişədək yalnız tarix səhifələrində qalacağı düşünülən ənənələr berkutların səmadakı süzüşündə, oxların vıyıltısında və ata-baba irsinin qorunmasını həyat amalına çevirən insanların gündəlik zəhmətində yenidən canlanır.






















