Bakı. Trend:
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin danışıqları Cənubi Qafqazda formalaşan yeni iqtisadi və siyasi nizamın Avropa tərəfindən tam qəbul edildiyini göstərir. İki dövlət arasında imzalanan Strateji Gündəlik üzrə Birgə Bəyannamə tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarır.
Milli Məclisin deputatı Kamal Cəfərov Trend-ə açıqlamasında bildirib ki, bu səfər bütövlükdə regionun təhlükəsizlik və inteqrasiya xəritəsinin yenidən müəyyənləşdirilməsidir.
Onun sözlərinə görə, Almaniyanın Avropa İttifaqının aparıcı dövləti və iqtisadi gücü kimi Cənubi Qafqaz proseslərinə məhz bu müstəvidə yanaşması mühüm siyasi göstəricidir:
"Berlində əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlıqla məhdudlaşmayaraq regional sabitliyin təməllərini özündə əks etdirir. Əsas diqqətçəkən məqam odur ki, Azərbaycan artıq Cənubi Qafqazla Avropa arasında birləşdirici qovşaq rolunda çıxış edir. 200-dən çox Almaniya şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi və Birgə Biznes Şurasının yaradılması bu etimadın bariz göstəricisidir".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan Almaniya kimi Avropanın iqtisadi və siyasi gücü olan bir dövlətlə bərabərhüquqlu tərəfdaşlıq edir.
"Azərbaycanın öz ərazisindən Ermənistana 40 min tondan çox tranzit yükün keçidini təmin etməsi, həmçinin bu ölkəyə benzin və dizel yanacağının tədarükünə başlaması Cənubi Qafqazda iqtisadi inteqrasiyanın nümunəsidir. Əvvəllər təcrid olunmuş və blokada şəraitində olan iqtisadiyyatların bu gün Azərbaycanın yaratdığı logistik imkanlar vasitəsilə bərpası regional sülhün zəmanətidir.
Almaniyanın xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərə ev sahibliyi etməklə sülh prosesinə verdiyi dəstək təqdirəlayiqdir. Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Koşta və Avropa Komissiyasının Prezidenti Fon der Lyayenin Azərbaycana səfərləri də göstərir ki, Aİ Bakının yaratdığı yeni regional mənzərəni tam qəbul edir. Öz gücü ilə torpaqlarını azad edən və suverenliyini bərpa edən Azərbaycan bu gün regiona sülh və inkişaf gətirən əsas tərəfdir", - millət vəkili əlavə edib.