Bakı.Trend:
Kibertəhlükəsizlik artıq sadəcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin Məzun Günündə çıxışı zamanı deyib.
O bildirib ki, son yüz il ərzində dəyişməyən əsas prinsiplərdən biri innovasiyanın yalnız məsuliyyətlə idarə olunduğu halda real dəyər yaratmasıdır.
“Yüz il ərzində bir prinsip dəyişməz olaraq qalıb: innovasiya yalnız məsuliyyətlə idarə olunduqda dəyər kəsb edir. Bu gün bu məsuliyyət hər zamankından daha böyükdür. Kritik infrastrukturlarımız, strateji aktivlərimiz və hər gün arxalandığımız bir çox xidmətlər təhlükəsiz rəqəmsal sistemlərə söykənir. Texnologiya hər zamankından daha sürətlə inkişaf etdikcə, risklər də eyni dərəcədə artır. Kibertəhlükəsizlik artıq sadəcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır”, - deyə o bildirib.
M.Yeger qeyd edib ki, “Technion”un bu il beynəlxalq “CS Rankings” indeksində əldə etdiyi nəticələr universitetin innovasiya və elmi potensialının göstəricisidir.
“Bu ilin əvvəlində "Technion" beynəlxalq "CS Rankings" indeksinə əsasən Avropada süni intellekt sahəsində birinci, kompüter elmləri üzrə isə dünyanın aparıcı universitetləri sırasında qərarlaşıb. Bu tanınma yalnız elmi üstünlüklə bağlı deyil. Bu, innovasiyanı məsuliyyətlə birləşdirən insanların əsrlik təhsil ənənəsinin təzahürüdür”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin proqramı iştirakçılara yalnız texniki bilik deyil, eyni zamanda strateji düşünmə bacarığı da qazandırır.
“Bu proqram vasitəsilə sizə vermək istədiyimiz yalnız texniki təcrübə deyil. Məqsədimiz aydın düşünmək, yaranan riskləri öncədən görmək, kritik infrastrukturu və strateji aktivləri qorumaq, texnologiyadan müdrikcəsinə və etik prinsiplərə uyğun istifadə etmək bacarığını formalaşdırmaqdır”, - deyə M.Yeger bildirib.
O vurğulayıb ki, proqram “Technion”, İsrail tərəfi, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında uğurlu tərəfdaşlığın nümunəsidir.
“Bu proqram həm də ‘Technion’, İsrail, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İRİA arasındakı güclü tərəfdaşlığın sübutudur. Birlikdə biz yalnız peşəkar təcrübə deyil, həm də beynəlxalq əməkdaşlıqda uzunmüddətli potensial və etimad qururuq”, - deyə o qeyd edib.
M.Yeger tərəfdaş qurumlara və proqramın həyata keçirilməsində iştirak edən komandaya təşəkkürünü ifadə edib.
“Davamlı etimad və dəstəyə görə tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Bütün "CyberPro AI" komandasına yüksək peşəkarlıqlarına və fədakarlıqlarına görə xüsusi təşəkkür edirəm”, - deyə o bildirib.
Sonda məzunlara müraciət edən M.Yeger onları əldə etdikləri biliklərdən cəmiyyətin rifahı naminə istifadə etməyə çağırıb.
“Bu gün aldığınız sertifikat əldə etdiyiniz uğurları təsdiqləyir. Bu biliklərlə nə edəcəyiniz isə sizin cəmiyyətə olan təsirinizi müəyyən edəcək. Əhəmiyyətli olanı qoruyun, dürüstlüklə liderlik edin və unutmayın: bilik tərəqqi yaradır, məsuliyyət isə onu qoruyur”, - deyə o əlavə edib.