Bakı.Trend:
Burkina-Faso Xarici İşlər Nazirliyi özünün rəsmi “Facebook” səhifəsində Bakı Təşəbbüs Qrupu (BTQ) ilə imzalanmış Anlaşma Memorandumu barədə məlumat yayıb.
Nazirliyin rəsmi sosial şəbəkə hesabında bildirilib ki, sənəd 11 iyul 2026-cı il tarixində Bakı şəhərində INHEI-nin baş direktoru Filip Sandvidi və BTQ-nin icraçı direktoru Abbas Abbasov tərəfindən imzalanaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə qüvvəyə minib.
Qeyd olunub ki, memorandum tərəflər arasında elmi tədqiqat, təlim, akademik mübadilə və strateji dialoq sahələrində uzunmüddətli əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir. Sənəd ekspert və tədqiqatçı mübadiləsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, INHEI-nin tələbələri, diplomatları və akademik heyəti üçün seminarların, təlim proqramlarının, konfransların və ekspert müzakirələrinin keçirilməsini nəzərdə tutur.
Bildirilib ki, bu əməkdaşlıq INHEI-nin beynəlxalq məktəblər və tədqiqat mərkəzləri ilə əlaqələrinin genişlənməsinə, həmçinin institut əməkdaşlarının peşəkar səriştələrinin artırılmasına yeni imkanlar yaradacaq.
INHEI-nin baş direktoru Filip Sandvidi qeyd edib ki, BTQ ilə qurulan əməkdaşlıq Burkina-Fasonun ali rəhbərliyinin beynəlxalq tərəfdaşlıqların şaxələndirilməsi siyasətinə tam uyğundur və ölkənin diplomatik fəaliyyətinin beynəlxalq arenada gücləndirilməsinə töhfə verəcək.
Məlumata görə, memorandumun icrası ilə bağlı tərəflər mütəmadi olaraq bir-birini görülən işlər barədə məlumatlandıracaqlar.
Qeyd olunub ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətində genişlənməsində mühüm mərhələ hesab olunur. Bildirilir ki, BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə əməkdaşlıq sənədləri imzaladığı halda, bu dəfə ilk dəfə bir ölkənin dövlət qurumu ilə rəsmi əməkdaşlığa başlayıb.
Nazirliyin paylaşımında vurğulanıb ki, memorandum BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktiki əlaqələrin gücləndirilməsinə, Afrika ölkələrinin aparıcı tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına zəmin yaradacaq. Bu istiqamətdə BTQ-nin təşəbbüsü ilə yaradılmış Qlobal Cənub Gənclər Platformasının da fəaliyyət göstərəcəyi qeyd edilib.
Əməkdaşlıq çərçivəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatların və siyasət sənədlərinin hazırlanması, onların beynəlxalq təşkilatlar vasitəsilə geniş auditoriyaya çatdırılması planlaşdırılır.
Memorandum, həmçinin Afrika ölkələrində keçiriləcək tədbirlərdə BTQ ekspertlərinin iştirakını, gənc tədqiqatçılar üçün mübadilə və təlim proqramlarının həyata keçirilməsini də nəzərdə tutur.