Bakı.Trend:
Moskva və Bakı münasibətlərdə yaranmış fasilənin aradan qaldırılması istiqamətində birgə çalışacaq.
Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvada Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
"Biz ətraflı və etimad şəraitində danışıqlar apardıq, münasibətlərimizin dostluq, mehriban qonşuluq və 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin ruhuna uyğun olaraq ardıcıl inkişaf etdiyini qeyd etdik. Moskva ilə Bakı arasında ən yüksək səviyyədə müntəzəm dialoqun olduğunu vurğuladıq. Martın 11-də prezidentlərimiz arasında növbəti telefon danışığı baş tutdu və həmin söhbət zamanı Rusiya lideri bu ilin yazında vətəndaşlarımızın İrandan təxliyəsinin təşkilində göstərdiyi səmərəli, dost dəstəyinə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə etdi. Həmçinin azərbaycanlı dostlarımız və qonşularımız İran xalqına humanitar yardımın Azərbaycan ərazisindən çatdırılmasının təmin edilməsində bizə çox ciddi kömək göstərdilər. Prezident İlham Əliyevin iyulun 13-də Şuşada keçirilən forumda Rusiya-Azərbaycan münasibətlərinin tam normallaşdığını, əvvəlki çətinliklərin isə geridə qaldığını bildirməsini də qeyd etdik. Hər iki tərəfin bu reallığı qəbul etdiyini təsdiqlədik və son bir neçə ay ərzində münasibətlərimizdə yaranmış müəyyən fasilənin aradan qaldırılması istiqamətində addımlar atmaq barədə razılığa gəldik", – deyə o bildirib.
Lavrov tərəflərin hökumətlərarası əlaqələrin, o cümlədən hər iki ölkənin baş nazirləri səviyyəsində əməkdaşlığın dinamik inkişafını məmnunluqla qarşıladıqlarını vurğulayıb.
"Aprel və may aylarında Federasiya Şurasının və Milli Məclisin rəhbərlərinin görüşləri keçirilib. İyunun 18-də Bakıda parlamentlərarası komissiyanın növbəti iclası baş tutub, bu ilin dekabrında isə onun 25-ci yubiley iclası Moskvada keçiriləcək. Xarici siyasət xətti üzrə bütün səviyyələrdə fəal dialoq aparılır. Xarici işlər nazirlərinin müavinləri və departament rəhbərləri müntəzəm təmasdadırlar. Bu gün imzalanmış 2026–2027-ci illər üçün məsləhətləşmələr planı da, şübhəsiz ki, bu prosesə töhfə verəcək", – deyə o əlavə edib.